Siyasət 26 Noyabr 2023, 0:57 | Baxış sayı: 129
“Çirkli pulları yuyan Ruben Vardanyanla yaxın münasibəti USAID direktorunun əsl xislətini göstərir”

“Ermənipərəst Samanta Pauerin çirkli pulların yuyulması ilə məşğul olan Ruben Vardanyanla yaxın münasibəti onun əsl xislətinin nədən ibarət olduğunu söyləməyə əsas verir”.

Bunu açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauer yenə erməni sevgisini, məkrli xislətini gizlədə bilmir: “Bu illər ərzində azərbaycanlı məcburi köçkünlərin vəziyyəti ilə bir dəfə də olsun maraqlanmayan, BMT rəsmisi olduğu dövrdə bu məsələni məqsədli şəkildə gözardı edən USAID rəhbəri Ermənistana səfəri zamanı Qarabağı tərk edən ermənilərlə görüşüb. Hətta “zərərçəkənlər” üçün əlavə 4 milyon dollar ayrıldığını da bildirib. Ermənipərəst Pauerin çirkli pulların yuyulması ilə məşğul olan Ruben Vardanyanla da yaxın münasibəti onun əsl xislətinin nədən ibarət olduğunu söyləməyə əsas verir”.

Deputatın fikrincə, bu təşkilatın fəaliyyətinə nəzər salsaq, USAID-in ABŞ-nin dünyada xaos yayan, hakimiyyət çevrilişləri həyata keçirən, vətəndaş qarşıdurması yaradan mexanizmin olduğunu açıq şəkildə görmək olar: “USAID bu illər ərzində sosial layihələr adı altında Azərbaycanın dövlət orqanlarına daxil olmağa can atır, çirkli maliyyələşdirmə siyasəti həyata keçirməyə çalışır. Azərbaycanın regionlarında yaradılmış Amerika guşələri vasitəsi ilə Azərbaycan gənclərinin düşüncələrini pozmaqla məşğuldur”.

Milli Məclisin üzvü xatırladıb ki, hələ 2000-ci illərin əvvəllərində Qərb fondları Azərbaycanda xaos ssenariləri hazırlayırdı: “Çünki güclü Azərbaycan həmişə Qərbi narahat edib. 30 illik işğal dövründə də ABŞ əlindən gələni edirdi ki, Azərbaycan təslimçi sülhlə barışsın, ərazi itkilərini qəbul etsin. 44 günlük Vətən müharibəsindən sonra qazandığımız uğurları ABŞ bu gün həzm edə bilmir. Bir neçə gün əvvəl 907-ci düzəlişlə bağlı radikal qərarlar, rəsmi Bakının öz suverenliyini tam bərpa etməsi ilə bağlı qərəzli mövqe bunu bir daha təsdiqləyir. Regionda dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması Qərbin maraqlarına uyğun deyil. ABŞ həqiqətən də sülh tərəfdarı olsaydı, USAID və digər fondlar postmünaqişə dövründə mina probleminin həlli ilə əlaqədar təşəbbüslə çıxış edərdi. Xarici işlər nazirlərini bir araya gətirmək, görüşlərə ev sahibliyi etmək sülh tərəfdarı olmaq demək deyil”.

K.Nurullayeva vurğulayıb ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin də qeyd etdiyi kimi, artıq USAID kimi təşkilatların məkrli əməliyyatlarına Azərbaycanda yer yoxdur. 

report.az

Xəbərlər