Siyasət 15 Dekabr 2023, 15:44 | Baxış sayı: 92
"Qərb Ermənistan vasitəsilə regionu yeni qarşıdurmalara sürükləməyə çalışır"

Milli Məclisin deputatı Könül Nurullayeva Qərbin Ermənistanı yeni müharibəyə hazırladığını və ümumilikdə regionu qarşıdurmalar mərkəzinə çevirməyə çalışdığını bildirib.

O, açıqlamasında deyib ki, bütün bu prosesin arxasında Fransa dayanır.

Deputat xatırladıb ki, Avropa İttifaqı (Aİ) Şurası Ermənistandakı mülki missiyasını gücləndirmək, oradakı mövcudluğunu 138 nəfərdən 209 nəfərə çatdırmaq qərarına gəlib:

"Missiya bölgəyə gələndə 100 nəfərdən cəmi 50-sinin silahsız müşahidəçi, qalanları isə silahlı şəxslər olduğu müəyyənləşdi. Buna baxmayaraq, Ermənistan ölkəyə silahlı missiyanı buraxdığını daxili auditoriyadan da gizlətmişdi. “Müvəqqəti” missiya kimi gələn kontingent haqda sonradan bölgədə uzunmüddətli qalmaq qərarı verildi".

Deputatın sözlərinə görə, Aİ “mülki” missiyası bölgəyə “sabitlik yaratmaq” adı ilə gəlsə də əksinə, gərginlikdə maraqlı olduqlarını gizlədə bilmir: "Hələ bu ilin əvvəlində, yəni missiya regiona gələn kimi, cəmi bir gün sonra erməni qüvvələri həm Ermənistan, həm də rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdən mövqelərimizi atəşə tutmuşdu. O zaman dəqiq aydın oldu ki, rəsmi Bakı haqlıdır".

"Azərbaycan tərəfi dəfələrlə Aİ missiyasının gəlişinin regionda vəziyyətin sabitləşməsinə yox, gərginləşməsinə xidmət edəcəyini bildirib. Həqiqətən də missiyanın fəaliyyətə başlamasından cəmi bir gün sonra erməni silahlı birləşmələrinin mövqelərimizi atəşə tutması bunu bir daha təsdiqlədi. Sonrakı dövrdə missiyanın əsl mahiyyəti daha qabarıq şəkildə özünü göstərdi. Aİ missiyası iddia edirdi ki, bölgəyə gəlməkdə strateji məqsəd Ermənistanın münaqişə yaşanan və sərhəd ərazilərində insidentlərin sayının azalmasına kömək etmək, belə ərazilərdə yaşayan əhali üçün risk səviyyəsini azaltmaqdır. Eyni zamanda guya təhlükəsizlik vəziyyəti haqqında ətraflı məlumat əldə etməkdir. Halbuki missiya regiona gələndə təhlükəsizliyin təmin edilməsi üçün bölgəyə sülhməramlı qüvvələr yerləşdirilmişdi”, - parlament üzvü vurğulayıb.

K. Nurullayava söyləyib ki, missiyanın rəhbəri kimi Ştutqart şəhərinin polis idarəsinin rəisi olan alman Markus Ritterin əmək fəaliyyəti də bəzi suallara aydınlıq gətirib:

“Aİ tərəfindən həyata keçirilən bütün əməliyyatların kuratoru Fransa nümayəndəsidir. Digər əməkdaşların isə istefada olan hərbçilər və müxtəlif Qərb ölkələrinin mövcud kəşfiyyatçıları olduğu dəqiqləşdi. Zaman keçdikcə bu kontingentin mülki yox, hərbi missiya olmasına heç bir şübhə qalmadı. İllik büdcəsi 24 milyon avrodan çox olan Aİ missiyasının əsas məqsədi hərbi və kəşfiyyat hədəflərinə çatmaqdır. Tərkibin yenidən genişləndirilməsi birbaşa Rusiya və İrana qarşı yönəlmiş addımdır.

Məlumdur ki, Rusiyanın Gümrüdə 102-ci hərbi bazası var. Eyni zamanda Ermənistanın İranla böyük sərhəddi mövcuddur. Avropa İttifaqı Ermənistandakı missiyasını genişləndirməklə Rusiya və İrana qarşı kəşfiyyat məlumatları toplayacaq. Eyni zamanda Moskva və Tehrana qarşı təzyiqləri artıracaq. Fransanın Ermənistanı silahlandırması, Aİ-nin bu ölkədəki hərbiləşmiş missiyasını daha da genişləndirməsi eyni ssenarinin tərkib hissəsidir. Bu missiya Aİ-nin deyil, NATO-nun missiyasına çevrilir. Prosesdə Kanadanın iştirakı, yaxın zamanlarda ABŞ-nin bu missiyaya daxil olacağı ehtimalını yüksəldir”.

report.az

Xəbərlər