Cəmiyyət 29 Aprel 2022, 12:38 | Baxış sayı: 283
Sumqayıtda baş verən hadisəni Ukraynaya yardımla əlaqələndirmək hüquqi cəhətdən doğru deyil.

"Sumqayıtda baş verən yanğın hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturları tərəfindən cinayət işi qaldırılıb, araşdırma aparılır. Hadisənin baş vermə səbəbi kimi müxtəlif versiyalar irəli sürmək olar. Lakin cinayət işi açılıb və araşdırmanın cavabını gözləmək lazımdır".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik, korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev deyib.

Deputat qeyd edib ki, hadisənin təxribat olmasını iddia etmək və onu Ukraynaya yardımla əlaqələndirmək hüquqi cəhətdən doğru deyil: "Müxtəlif versiyalar irəli sürmək olar. Hesab edirəm ki, Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi hadisə ilə bağlı ən yüksək səviyyədə məlumat yayıb. İstintaqa ciddi nəzarət edilir. Digər versiyaların irəli sürülməsi doğru deyil".

Qeyd: Ötən gün gecə saatlarında Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində yanğın baş verib. Yanğın bu gün saat 08:24-də söndürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Xəbərlər