Siyasət 27 Mart 2024, 13:49 | Baxış sayı: 78
"Ermənistan 8 kəndi qaytararsa, Bakı-İrəvan sülh danışıqları sürətlənər "

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Arzu Nağıyev Azərbaycan və Ermənistan arasında delimitasiya problemlərinin həlli üçün qarşıda duran əsas məsələnin işğal altındakı 8 kəndin qaytarılması olduğunu bildirib.

O,  açıqlamasında deyib ki, Azərbaycanın işğal olunmuş kəndlərinin ilkin mərhələdə 4-nün qeyd-şərtsiz qaytarılması həyata keçirilməlidir:

“Bununla bağlı Ermənistan rəhbərliyi müvafiq açıqlama verdi və sonra Ermənistanda radikal terror təşkilatı kimi tanınan, “Döyüş qardaşları” deyilən qurum həmin kəndə özlərinin silahlı nümayəndələrini göndərdi. Onlar həbs olundular. Buna görə terrorçular hətta polis idarəsinə hücum təşkil edib həbs olunmuş silahdaşlarını geri almağa cəhd göstərdilər. Bu, çox ciddi məsələdir. Ermənistan rəhbərliyi həmin dörd kəndi qeyd-şərtsiz qaytarmağa çalışır və bu istiqamətdə də addımlar atır, müəyyən bəyanatlar verir. Qazaxın qalan üç kəndi və Naxçıvanın Kərki kəndi isə danışıq predmetidir”.

A.Nağıyev vurğulayıb ki, Azərbaycanın 4 kəndi ilkin mərhələdə diplomatik yolla qaytarılmasa, güc tətbiq oluna bilər:

“Artıq Paşinyan hakimiyyəti də bunu yaxşı anlayır. Düşünürəm ki, bütün kommunikasiyaların keçdiyi əsas xətt məhz həmin ərazilərdə olduğundan proses mütləq şəkildə həll edilməlidir. Bu ərazilər qədim Azərbaycan torpağıdır, sadəcə münaqişə başlayanda ermənilər tərəfindən zəbt olunub. Əgər Ermənistan müharibə istəmirsə, mütləq kəndlərimizi qaytarmalıdır. Bəhanələr irəli sürülür ki, guya erməni vətəndaşlar bunu istəmirlər. Ermənistan ordusu özünü biabırçılıqdan xilas etmək üçün inhisarındakı terror qruplaşmalarından istifadə edir. Bu isə daxili gərginlik yaratmaqdan başqa heç nəyə xidmət etmir”.

Qeyd edək ki, hazırda Azərbaycanın 8 kəndi Ermənistanın işğalı altındadır. Bunlar Qazax rayonunun Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara, Xeyrimli, Sofulu, Bərxudarlı, Yuxarı Əskipara və Naxçıvanın Kərki kəndləridir. Bunlardan 4-ü - Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndləri eksklav hesab olunur. Digər 4 kənd isə anklavdır.

report.az

Xəbərlər