Siyasət 13 Sentyabr 2023, 15:14 | Baxış sayı: 182
“Sülhü itirmək Ermənistan üçün daha böyük faciə olacaq”

Bakıdan göndərilən humanitar yükün hələ də Ağdam-Xankəndi yolunda gözləməsi Ermənistanın sülhdə maraqlı olmadığını bir daha təsdiqləyir. Separatçılar bu yanaşma ilə özlərini ifşa edirlər. Dünyanı “aclıqdan ölürük” yalanına inandırmağa çalışan Qarabağ ermənilərinin ərzaqdan imtina etməsi əsl reallığı gün işığı kimi ortaya çıxarır. Ağdam-Xankəndi yolu ilə gətirilən ərzağı qəbul etməyib, Laçın yolundan gələn qidanı qəbul edəcəyini söyləmək sadəcə, riyakarlıqdır.  Hətta BMT Təhlükəsizlik Şurasının toplantısında da Bakının təklif etdiyi Ağdam-Xankəndi yolu təqdir olundu. Bu gün əksər beynəlxalq ekspertlər də artıq separatçıların “aclıq”, “humanitar fəlakət” iddialarının şoudan başqa bir şey olmadığını söyləyir.  

Yola gəlincə, rəsmi Bakının bu məsələ ilə bağlı mövqeyi kifayət qədər açıq və məntiqlidir. “Biz deyirik ki, bir yol yaxşıdır, amma iki yol daha yaxşıdır. Azərbaycan yeni yollar tikir və bu Qarabağ ermənilərinə Azərbaycanın digər hissələri ilə kommunikasiya qurmaq imkanı verir. Yəni söhbət iki yoldan gedir. Laçın yolu əsasən, Ermənistan və Qarabağ arasında əlaqəyə imkan verir, lakin biz deyirik ki, digər Ağdam-Xankəndi yolu da var. Bu yol daha səmərəlidir və logistika və nəqliyyat baxımından daha çox imkanları var” ,-deyə Azərbaycan Prezdientinin köməkçisi Hikmət Hacıyev bildirib.

Əslində, Ermənistanda da dərk edirlər ki, bu yol Azərbaycanın bütün bazarlarına və qonşu ölkələrin bazarlarına birbaşa girişi təmin edir. Bu isə Qarabağın erməni sakinlərinin həm Azərbaycanın daxili, həm də regional ölkələrlə daha yaxşı kommunikasiya qurmaq üçün şanslarının olması deməkdir. Beləliklə də  biz real reinteqrasiyadan danışa bilərik.

Ermənistan və onun maliyyələşdirdiyi separatçı qurumun yolun açılmasına maneə törətməsi açıq şəkildə sülhdən uzaqlaşmaq deməkdir.

Rəsmi Bakının isə bütün addımları tərəfləri sülhə yaxınlaşdırmağa hesablanıb.  Azərbaycan Prezidentinin köməkçisinin də söylədiyi kimi, “artıq müharibə bitib və biz sülhü qazanmalıyıq, lakin təəssüflər olsun ki, Ermənistan tərəfi sülhü itirmək istiqamətində addımlar atır.” Ermənistan isə anlamalıdır ki, sülhü itirmək bu ölkənin özü üçün daha böyük faciədir.

Bu gün 10 noyabr üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin sülhməramlıların müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Bu təxribatçı qüvvələr Qarabağ iqtisadi rayonundakı Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri ərazilərimizə kütləvi şəkildə yeni minalar döşəyir. Bu isə mina qurbanlarının sayının getdikcə daha da artması deməkdir. Bu təhlükələrin aradan qaldırılması istiqamətində praktik addımlar atmaq vacibdir.

adalet.az

Xəbərlər