Siyasət 12 Oktyabr 2023, 17:50 | Baxış sayı: 123
"Sülh regionun rifahına xidmət edəcək"

“Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etdikdən sonra cənab Prezident İlham Əliyev regionda dayanıqlı sülhün və təhlükəsizlik mühitinin yaranması naminə yeni 3+3 əməkdaşlıq platformasını irəli sürdü. Bu təşəbbüs hər şeydən öncə qeyd etdiyim kimi, regionda etibarlı sülh, qarşılıqlı etimad mühitini formalaşdırmağa xidmət etməlidir”. Bunu açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, Azərbaycanın hər zaman yanaşması ondan ibarət olubdur ki, subyektlər arasında təmaslar nə qədər sıx olarsa, nə qədər qarşılıqlı maraqlara cavab verən uğurlu əməkdaşlıq sistemi qurularsa, bir o qədər də sülh və təhlükəsizlik üçün münbit şəraitlər və şərait təmin olunmuş olar: “Təbii ki, müxtəlif subyektlərin, müxtəlif maraqları ola bilər və maraqlar toqquşan zaman da ziddiyyətlər meydana gəlir. Bu da aradan qalxmayanda böyüyərək münaqişələrə çevrilir. Lakin subyektlər arasında, xüsusilə də, eyni coğrafiyada, regionda yerləşən subyektlər arasında sıx təmaslar olan zaman konstruktiv dialoq mühiti olan zaman onda, deməli, istənilən ziddiyyəti də çox rahatlıqla müzakirə yolu ilə dinc vasitələrlə aradan qaldırmaq mümkündür. Hesab edirəm ki, ölkə Prezidentinin 3+3 təşəbbüsü hər şeydən öncə regionda hər zaman qıt olan sülh və təhlükəsizlik mühitinə xidmət etməlidir. Təbii ki, məsələnin iqtisadi, ticari tərəfi də danılmazdır, yeni əməkdaşlıq formatı kifayət qədər önəmli bir coğrafiyada qarşılıqlı maraqları uzlaşdıraraq daha uğurlu əməkdaşlıq imkanlarını təqdim edir. Təbii ki, bu əməkdaşlığın qurulması üçün tələbə olunan şərtlərin təmin olunması da ayrıca bir fəaliyyət istiqamətidir. Buraya yeni əməkdaşlıq formatına uyğun gələcək nəqliyyat logistika sisteminin qurulması yeni geosiyasi şərtlərə uyğun münasibətlərin formalaşdırılması və digər elementlərin təmin olunması aiddir. Ümumiyyətlə, cənab Prezident İlham Əliyev tərəfindən irəli sürülən 3+3 yeni əməkdaşlıq formatı bütövlükdə Cənubi Qafqaz regionun, hətta deyərdim daha böyük bir coğrafiyada yeni əməkdaşlıq və yeni münasibətlərin qurulması üçün unikal imkanlar təqdim edir. Bu əməkdaşlıq platformasında iştirak etməklə həm region dövlətləri, həm daha geniş iqtisadi, ticari əlaqələr qurmaq imkanlarına malik olacaqlar. Eyni zamanda, hesab edirəm ki, yeni təhlükəsizlik arxitekturasının formalaşdırılmasında da iştirakçı olmuş olacaqlar və bütün bunlar da demək olar ki, ən müxtəlif istiqamətlərdə regionun rifahına xidmət edəcək”.

sia.az

Xəbərlər