"Şübhəniz olmasın, 100 minə də imkan var"
Turizm.az" şirkətinin təsisçisi Nəsimi Kərəmov ötən gün Turizm Sənayesi Subyektlərinn Forumunda çıxış edərkən bildirib ki, bu gün Azərbaycanda 57 min turisti yerləşdirmək imkanı var. Onun sözlərinə görə, COP 29 tədbiri çərçivəsində təxminən 150-dən artıq ölkədən 70-80 mindən artıq insanın gələcəyi gözlənilir.
Bu da Azərbaycanın 80 min turisti qarşılamaq potensialının olub-olmaması sualını gündəmə gətirib.
Mövzu ilə bağlı danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü deputat Rüfət Quliyev hesab edir ki, tədbirə hazırlaşmaq üçün Azərbaycanın kifayət qədər vaxtı var:
"Düşünürəm ki, əgər biz bu ilin noyabrda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) böyük bir zirvə görüşünün iclasının ölkəmizdə keçirilməsinə razılaşmışıqsa, deməli, bizim imkanlarımız var. Üstəlik, buna hazırlaşmağa vaxtımız da var.
COP29 BMT-nin Baş Assambleyası səviyəsində olan görüşdür. Biz Avropa Oyunları keçirəndə də ölkəmizə xeyli qonaqlar gəlmişdi. Bu qonaqların hamısını yerləşdirmişdik. Heç bir problem görmürəm. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP 29-un Prezidenti müəyyən edilib.
Onlar bu işlərlə məşğuldurlar. Heç də şübhə etmək lazım deyil. Azərbaycan artıq 20 ildir ki buna oxşar qurultaylar, görüşlər, toplantılar keçirir. Biz həmişə bu toplantıları uğurla, böyük məhəbbətlə keçiririk, gələn qonaqlar da çox razı şəkildə gedirlər. Heç bir şəkk-şübhə ola bilməz. Arxayın olun! Nəinki 80 min, 100 min turisti də qəbul etməyə Azxərbaycanın imkanı var".
olke.az