"Sərhəddə yenidən atışma, təxribatların olması gözləniləndir"
“Məlumdur ki, bu gün Praqada Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü gözlənilir. Fransanın dövlət başçısı Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də görüşdə iştirak edəcək. Son hadisələrdən sonra bu, çox ciddi bir görüşdür və görüş ərəfəsində sərhəddə yenidən atışma, təxribatların olması gözlənilən idi. Azərbaycan Ordusu ermənilərin cavabını adekvat şəkildə verir. Bu, sülhün bərqarar olmasını istəməyən qüvvələrin addımlarıdır. Təbii ki, Ermənistanın dövlət strukturunda təmsil olunanların işidir. “Qarabağ klanı” nəyin bahasına olur-olsun, görüşlərdə Azərbaycanı bir “təxribatçı”, “aqressiv” kimi göstərmək istəyir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Deputat bildirib ki, ciddi görüşlərdən biri məhz Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan arasında baş tutacaq: “Artıq taleyüklü, regional məsələlər, NATO-Rusiya məsələləri, Ukrayna-Rusiya, eyni zamanda İranın regionda mövqeyi - bütün bu problemlərin həlli ilə bağlı çox ciddi görüşlər planlaşdırılır. Gələcəkdə taleyüklü məsələlərin həllini ortaya qoya biləcək bir görüş gözlənilir. Buna görə də, düşünürəm, sərhəddə atışmalar, təxribatlar gözləniləndir. Çünki Ermənistan cidd-cəhdlə hansısa müşahidəçilərin gətirilməsindən danışır. Avropa Parlamentində ermənipərəst qüvvələr müxtəlif çıxışlar edir, bəyanatlar verirlər. Məlum məsələdir ki, bu, görüş öncəsi proseslərdir. Azərbaycan öz haqq səsini çatdırmağa daim hazırdır və çatdıracaq. Təkliflərimiz də masa üzərindədir. Ermənilər və onların havadarları bu təkliflərlə razılaşsalar, sülh müqaviləsinin imzalanmasına tez getsələr, bundan birinci faydlanan məhz Ermənistan olar. Bununla paralel, regional təhlükəsizliyə olan təhdid beynəlxalq təhlükəsizliyin təhdidinə keçməz”.