“Sıradan bir Qarabağ ermənisi Azərbaycan bayrağı altında yaşamağa hazırdır”
Azərbaycanın UNESCO-dakı daimi nümayəndəsi Elman Abdullayev deyib ki, Laçın yolu ilə qanunsuz daşınan silah və hərbi texnika erməni separatçıları tərəfindən Qarabağda hərbi bazaların qurulmasında istifadə olunub. O, nəzarət – buraxılış məntəqəsinin önəminə diqqət çəkib.
“Laçında qurulan nəzarət – buraxılış məntəqəsi ermənilərə ən böyük zərbədir. Artıq bütün avtomobillər yoxlanılır, qeyri-qanuni yüklər dayandırılır, humanitar yardım adı ilə Qarabağa silah-sursatın, qaçaq malların daşınmasının qarşısı alınır. Ermənistan illərlə bu yolla separatçılara terrorist qüvvələrin göndərilməsinə yardım edib, minalar basdırılıb. Bu gün artıq eyni marşrutla istədiklərinə nail ola bilmirlər. Buna görə də qıcıqlanırlar”.
Bu sözləri açıqlamasında deputat Arzu Nağıyev bildirib.
E.Abdullayevin dediklərini təsdiq edən deputat qeyd edib ki, vaxtilə daşınan hərbi texnika separatçılar tərəfindən istifadə olunub.
“Ermənilər humanitar təhlükə adı ilə, qadınlara, qocalara, uşaqlara qarşı yönəlmiş humanitar böhran adı ilə bütün dünyaya bəyanatlar verirlər. Azərbaycan daim humanistliyini göstərib. Həmin keçid vasitəsilə insani yardımlar edilə bilər, Qırmızı Xaçın köməyilə xəstələr də daşınır”.
A.Nağıyev vurğulayıb ki, Azərbaycan haqq yolundadır.
“Nə qədər ki, onlar bu dövlətin qanunlarına hörmətlə yanaşmayacaq, Konstitusiyada müəyyən edilən hüquq, azadlıq və vəzifələri həyat tərzi kimi seçməyəcəklər, problemlər davam edəcək. Hay-küy salanlar, əsasən, Qarabağda yaşayan separatçı rejimin nümayəndələridir, vaxtilə revanşist ideyaları yaymaqla qazanc əldə etmiş şəxslərdir. Qarabağın sıradan bir ermənisi Azərbaycan bayrağı altında yaşamağa hazırdır”.
demokrat.az