Cəmiyyət 10 Avqust 2021, 13:27 | Baxış sayı: 337
"Sosial şəbəkələrdə dövlət əleyhinə təbliğat aparan “mərkəzlər” tapılıb ifşa olunmalı, ən vacibi isə, postmüharibə dövründə dövlət strukturları və dövlət işçiləri əleyhinə təbliğat və çağırışlara qadağa qoyulmalıdır".

Millət vəkili Əziz Ələkbərlinin Modern.az-da dərc olunmuş məqaləsində Sahibə Qafarovanı hədəf götürənlərə münasibət bildirib:

"Qaraguruh sosial şəbəkələrdə bu dəfə də Milli Məclisin xanım sədri, hörmətli Sahibə xanım Qafarovanı hədəfə götürməklə bütün sədləri aşdı. Çünki xanım sədrin son il yarımdakı fəaliyyəti, onun Milli Məclisdə apardığı islahatlar, obyektivliyi, təmkini, intellektual səviyyəsi, iclasları yüksək səviyyədə idarəetmə qabiliyyəti hər kəsin gözünün qabağında olub və hamıda ona qarşı hörmət və ehtiram yaradıb.

Həm pandemiya zamanı, həm də 44 günlük Vətən müharibəsi ərzində, sonra da postmüharibə dövründə nümayiş etdirdiyi fəallıq, gərgin iş rejimi, dünya ölkələrinin paralamentlərinə ünvanladığı məktublar, apardığı danışıqlar, keçirdiyi görüşlər, etdiyi səfərlər təkcə Sahibə xanımın yox, bütövlükdə Milli Məclisin tərcümeyi-halına yazıldı.

Mən o fikirdə deyiləm ki, xanım sədrin İrana səfərinin mahiyyətini bir kənara atıb, xüsusilə iki məqamı – Sahibə xanımın geyimi və İran prezidenti ilə görüşdə Azərbaycan bayrağının olmaması məsələsini müzakirəyə çıxaranlar bunu bilməməzlikdən və ya qanmazlıqdan edirlər, xeyr, ən azı, bu böhtan “kampaniyasına” rəhbərlik edənlər doğru ilə yalanın harada olduğunu çox gözəl bilirlər. Biz saysız-hesabsız qədər İrana rəsmi səfərlər və İran səfirliyinin qəbullarını, bu səfər və qəbullarda xanımların hansı geyimdə iştirak etdiyini görmüşük. Sual olunur, Sahibə xanımın geyimi həmin xanımların geyimlərindən nə ilə fərqlənir? Yaxud bayraq məsələsi, bunun protokol qaydası olduğuna artıq mediada kifayət qədər aydınlıq gətirilib.

Bəs bu, nə hay-küy, nə ajiotajdır? Məsələ çox sadədir. Bir daha hər kəsin bir qədər geriyə baxmasını istəyirəm. 44 günlük Vətən müharibəsindən az sonra nə baş verdi? Bu 44 gündə Azərbaycanı durdura bilməyən antiazərbaycan qüvvələr xalqın ruhunu sındırmaq, xalq-ordu-hakimiyyət birliyini, həmrəyliyini pozmaq, Azərbaycanı zəif salmaq üçün dərhal hərəkətə keçdilər. Əvvəl “Xankəndi ermənilərdə qaldı” deyərək düşmən üzərindəki bu möhtəşəm qələbənin nəticələrini gözdən salmağa, hətta “oğullarımız nahaq yerə şəhid oldu” deyərək qələbə sevinci yaşayan insanlar arasında ruh düşkünlüyü yaratmağa çalışdılar. Gördülər millət bunu həzm etmədi, sonra sülhməramlıların regiona gəlməsini milli xəyanət elan etdilər, sonra şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına diqqətsizlikdən dəm vurdular, daha sonra guya hərbçilərin maaşının kəsilməsi məsələsini ortaya atdılar və s. Bütün bunlar baş tutmayanda ayrı-ayrı ziyalıları, deputatları, məmurları hədəfə aldılar, illərdən bəri xaricdə fırlatdıqları söyüş karuselini Azərbaycana transfer etdilər. Onlar üçün maraqlı deyil ki, bu, hansı məmurdur, hansı deputatdır, hansı ziyalıdır. Əsas odur ki, hakimiyyətdə təmsil olunan şəxs olsun, onu hədəf götürməklə sosial ortamda hakimiyyəti gözdən salsınlar. Ucqar bir kənddə birinin əlinə tikan batıbsa, təbii ki, günahkar deputatdır, biri ailəsini dolandıra bilmirsə, əlbəttə, günahkar rayon icra hakimiyyəti başçısıdır, bir başqasının saxta əlilliyini ləğv ediblərsə və ya kim isə hansı yollasa saxta əlillik alıbsa, deməli, Sosial Müdafiə Nazirliyində işləyənlər hamısı cinayətkardır və s. Bir məmur korrupsiya əməlinə görə həbs edilirsə, bütün məmurlar korrupsioner elan olunur və bütövlükdə hakimiyyət hədəfə götürülür, bir deputat qanunsuz hərəkət edirsə, bütün deputatlar təhqir edilir və Milli Məclisin buraxılması məsələsi müzakirəyə çıxarılır, bir polis yanlış addım atırsa, bütün hüquq-mühafizə sisteminin işi yarıtmaz elan olunur. Həm də bütün bunlar qəsd sosial şəbəkələrdə edilir, çünki sosial şəbəkələrdə səviyyəli-səviyyəsiz hər cür insan var, burada insanları aldatmaq, qaraguruhun hissləri ilə oynamaq asandır.

Sahibə xanım Qafarovaya qarşı təxribat kampaniyası da bu prosesin tərkib hissəsidir, xaricdən idarə olunan daxilimizdəki antiazərbaycan qüvvələrin işidir. Aydın hiss olunur ki, bu proseslər bir mərkəzdən idarə olunur, həmin mərkəz xüsusi təlimatla işləyir, yəqin bu dəfə də iflasa uğrayandan sonra başqa bir “fakt” tapacaqlar, yaxud fərqli bir “pozisiya” üzərində işləyəcəklər. Bəlkə də hakimiyyət daxilindəki öz adamlarına cəmiyyəti qıcıqlandıra biləcək “gediş” etmək tapşırığı verəcəklər.

Buna görə də hər kəs ayıq olmalıdır. Birincisi, sosial şəbəkələr belə “zir-zibillərdən” dərhal təmizlənməli, ikincisi, sosial şəbəkələrdə dövlət əleyhinə təbliğat aparan “mərkəzlər” tapılıb ifşa olunmalı, ən vacibi isə, postmüharibə dövründə dövlət strukturları və dövlət işçiləri əleyhinə təbliğat və çağırışlara qadağa qoyulmalıdır. Ölkədə bu qurumların və məmurların fəaliyyətinə nəzarət edən kifayət qədər qurum var, bu, sosial şəbəkə “qəhrəmanlarının” işi deyil. Ən azı Ermənistanla Azərbaycan arasında bütün mübahisələrə son qoyulub, böyük sülh bağlanana qədər bu qadağalar qüvvədə olmalıdır.

Xəbərlər