Plenar iclaslar 14 Noyabr 2023, 14:12 | Baxış sayı: 97
"Paytaxtda yaşayan alim orta aylıq əməkhaqqının 1/3-i qədər maaş alır"

Paytaxtda yaşayan alim buradakı orta aylıq əmək haqqının 1/3-i qədər maaş alır.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deputat Əziz Ələkbərli deyib.

“Maraqlıdır, hər il büdcəmizdə elmin inkişafına xeyli vəsait ayrılır, amma bu vəsaitin nə qədəri birbaşa alimə çatır? Təsəvvür edin, Milli Elmlər Akademiyasında elmi işçi vəzifəsində çalı.an gənc bir alim 10-cu dərəcə ilə 420,62 manat, 11-ci dərəcə ilə 431,04 manat, 12-ci dərəcə ilə 453,02 qəpik təmiz maaş alır. Böyük elmi işçi isə 13-cü dərəcə ilə 464,80 manat, 14-cü dərəcə ilə 483,52 manat maaş alır. Halbuki 2023-cü ilin yanvar-iyul ayları üçün ölkədə nominal orta aylıq əmək haqqı 925,3 manat olub. Paytaxtda isə orta aylıq nominal əmək haqqı 1179,8 manat təşkil edib. Yəni paytaxtda yaşayan alim buradakı orta aylıq əmək haqqının üçdə biri qədər maaş alır. Doğrudanmı biz bu maaşla gənclərimizi elmə gətirmək istəyirik? Doğrudanmı güman edirik ki, bu qədər maaşla alim elmlə məşğul olacaq?”,- deyə deputat qeyd edib.

Əziz Ələkbərli nəzərə çatdırıb ki, əvvəllər fəlsəfə doktoru elmi dərəcəsi Əməkdar fəxri adı ilə, elmlər doktoru elmi dərəcəsi isə Xalq fəxri adı ilə bərabər tutulur, hər biri müvafiq olaraq 60 və 100 manat əlavə alırdı: “Sonra Əməkdar və Xalq fəxri adları artırılaraq müvafiq olaraq 90-150, daha sonra 150-200 manat oldu. Amma alimlərə verilən dərəcə pulu elə 60-100 manat kimi də qaldı. Yəni fəlsəfə doktoruna hər gün üçün 2 çörək, elmlər doktoruna isə 3 çörək pulu verilir. Bəlkə bu, doğrudan da, alimə verilən elmi dərəcə pulu yox, elə çörək puludur? Elə hesab edirəm ki, elmimiz və alimlərimiz bu münasibətə layiq deyil və əgər elmimizin inkişafını istəyiriksə, bütün bu məsələlərə yenidən baxılmalıdır”.

Xəbərlər