Sosial şəbəkə Azərbaycan cəmiyyətində savadsızlığın, təhsilsizliyin, ümümi dünyagörüşün aşağı olmasının bir barometridir.
Azərbaycanda sosial şəbəkələrdən düzgün istifadə edilirmi?
Milli Məclisin deputatı Fazil Mustafa Modern.az-a açıqlamasında məsələyə geniş şərh verib:
Sosial şəbəkələr cəmiyyətin “ayna”sıdır
“Birinci o suala cavab vermək lazımdır ki, hansı insan yönləndirilməyə uyğun gəlir? Öz dünyagörüşü, düşüncəsi olmayan, düşünmək istəməyən, başqası tərəfindən idarə olunmağa hazır olan insan hər zaman idarə olunur. İnsan öz biliyinə, düşüncəsinə güvənməyəndə belə olur. Əslində totalitar düşüncə harada yaranır? İnsan özü düşünmək istəməyəndə, əvəzinə başqasının düşünüb, əmr verməsini, onu yönləndirməsini istəyəndə. Bəlkə də, sosial şəbəkə Azərbaycan cəmiyyətində savadsızlığın, təhsilsizliyin, ümümi dünyagörüşün aşağı olmasının bir barometridir. Burada müəyyən mənada fikri, düşüncəsi olan insanların yerləşməsi daha fərqli bir seqmentdən istifadəni zəruri edərdi. Amma indi o yoxdur. Sosial şəbəkəyə daxil olan insanlar cəmiyyətimizin bir əksidir.
Orada neçə nəfər elmi status paylaşır, hansısa bir düşüncə yazısı, cəmiyyətin vacib problemi ilə bağlı müzakirə, dialoq açır? Böyük əksəriyyət şəkil, özünün hansısa bir mizahını, həyat tərzindən hansısa bir element paylaşır. Kimsə “Rəhmət olsun”, “Təbrik olsun”, deyə yazmaqdan başqa hansı işi görür? Bunun hamısı onu göstərir ki, sosial şəbəkə kimi nemətdən ağıllı istifadə edə bilmirik. Bizim kimi cəmiyyətlər istifadə edə də bilməz. Bunun nümunəsini dəfələrlə qeyd eləmişik. Fillandiyada “Facebook”un ortaya çıxması elmi biliklərin artmasına xidmət göstərdi. Amma Kolumbiyada narkomaniyaya xeyir elədi. Çünki hamı narkotik vasitələrin satışını bunun üzərindən gerçəkləşdirməyə başladı. Deməli, fərqli cəmiyyətlərin hazırlıq səviyyəsi, düşüncəsi, dünyagörüşü yaradılan yeni nemətlərə o cür adekvat reaksiya verir. Ona görə də bu kimi məsələlərdə xeyli fərqli düşüncə axtarmaq da doğru deyil”.
“Bu xəstə insanlarla ya hesablaşmalı, ya da fikrini bildirməməlisən”
Deputat qeyd edib ki, sosial şəbəkə Azərbaycan cəmiyyəti üçün qidalandırıcı vasitədən daha çox zəhərləndirici vasitəyə çevrilib:
“Biz də bunun qarşısını alan addımlar atmağa hələ ki çətinlik çəkirik. Burada çox yaxşı mənada dəyişiklik yaratmaq cəmiyyətin gerçək ziyalılarının üzərinə düşür. Onlar kütlənin yanlış yönləndirilməsinin qarşısını almaq üçün daha çox maarifçiliyin təbliğini gücləndirməlidilər. Beləliklə, insanlar yüngül, lağ-lağı həyat tərzindən düşündürücü bir həyata transfer ola bilsinlər. Çünki zəhərlənmə daha da genişlənir. Bu əslində insanların bir-birinə olan kin-küdurətini artırır, dialoqu zəiflədir, müəyyən məsələlərin müzakirəsinə imkan vermir. Sosial şəbəkələrdə müzakirə açmaq mümkün deyil. Çünki tanımadığın minlərlə adama sənin fikrin xoş gəlmir. Bu xəstə insanlarla ya hesablaşmalı, ya fikir bildirməməlisən. Halbuki, bu fikir cəmiyyətə lazımdır. Cəmiyyətin inkişafı üçün vacibdir. Bu inkişafı insanlar anlamırsa, sən onun anlamadığını nəzərə almalı və susmalısan. Ona görə də elm, düşüncə, fəlsəfə inkişaf eləməz, eləmir də. Məsələnin mahiyyəti budur. Ona görə də Azərbaycanda bu məsələlər ətrafında müzakirənin aparılması zəruridir”.