“Sosial müavinətin verilməsi, ailə qurmaq, boşanmaq kimi məsələlərlə bağlı şəxsin yaşayış yerinin dəqiq bilinməsi vacibdir”
“Yaşayış yerindən kənarda 60 gündən artıq yaşamaq istəyən vətəndaşlar Baş passport, qeydiyyat və miqrasiya idarəsində olduqları yer üzrə qeydiyyata alınmalıdırlar. Bu, Daxili İşlər Nazirliyinin məlumatıdır, eyni zamanda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanununun 10-cu maddəsinin tələblərinə görədir. Vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşadığı yer üzrə qeydiyyatdan çıxarılmadan aparılır. Həmçinin yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaşlar həmin yerə gəldikdən sonra 7 iş günü ərzində ərizə və anketi doldurur, müvafiq dövlət orqanına təqdim edir. Nəticədə, həmin orqan vətəndaşı daha əvvəl olduğu yer üzrə qeydiyyata alır. Təbii ki, bu müddət bitəndən sonra vətəndaş olduğu yerdən getdikdə müvafiq dövlət orqanı onu qeydiyyatdan çıxarır. Bu qanunvericiliyin pozulması İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə məsuliyyətə səbəb olur”.
Bu sözləri Pravda.az-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov qeydiyyatsız yaşayanların polis tərəfindən cərimələnməsinin narazılıq yaratması barədə danışarkən deyib.
Deputat xatırladıb ki, 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində bu sahədə pərakəndəlik olub: “İnsanların gəldikləri yerlə bağlı qeydiyyatda olmaları, daha sonra qeydiyyatdan çıxmaları üçün həm polis, həm məhkəmə orqanlarına sənədlərini təqdim etmələri böyük problem yaradırdı. Bu, həm cinayət hadisələrinin törədilməsi, tapılması, eyni zamanda stabilliklə ilə bağlı məsələdir. Burada çətin heç nə yoxdur. Seçki ilə də bağlı vacib məsələdir. Vətəndaşların səsverməsi müəyyən olunmurdu, çətinlik çəkilirdi. Bu sahədə də boşluq var idi. Təbii ki, hər biri qanunla tənzimlənəcək. Lakin qanundan əvvəl vətəndaşın olduğu yerin araşdırılması müvafiq orqanların işini çətinləşdirirdi. Şəxsin olduğu yerlə bağlı hüquqi sənədinin olması həm də bəzi şəxsləri cinayət əməllərindən çəkindirir. Hərbi səfərbərlik, sosial müavinətin verilməsi, ailə qurmaq, boşanmaq kimi məsələlərlə də bağlı şəxsin yaşayış yerinin dəqiq bilinməsi vacibdir. Bu proses vətəndaşların tez tapılamsına xidmət edir. Bunların hər biri vətəndaşların işini rahatlaşdırmaq, onların çətin vəziyyətdən sadələşdirilmiş yolla çıxmaları üçün mühümdür”.