Cəmiyyət 26 May 2023, 15:37 | Baxış sayı: 105
“Şortik geyinib küçəyə çıxmaqla, bədənini açıq-saçıq formada insanlara nümayiş etdirməklə nə demək istəyirlər?”

“Çox təəssüf ki, bəzi gənclər milli-mənəvi dəyərlərin qorunmasını keçmişə baxış, ətalət, geridə qalmışlıq kimi qiymətləndirirlər. Gənclərə çox böyük hörmətim var. Əlbəttə, onların müstəqil olmalarını, fikirlərini açıq söyləmələrini həmişə arzulamışam, bunun tərəfdarıyam. Ancaq gənclər də özlərinə bir sual verməlidirlər: açıq-saçıq geyinməklə, çərçivədən çıxmaqla, bayağı ifadələr işlətməklə, gecələr küçələrdə səs-küy salmaqla nə demək istəyirlər? Axı bu, bizim insani keyfiyyətlərimizə ziddir. Sadə, müasir geyinmək olar, amma şortik geyin küçəyə çıx, açıq-saçıq formada öz bədənini insanlara nümayiş etdir... Bu, bizim əxlaqımıza, müəyyən dəyərlərə ziddir. Əgər ailələr, ictimaiyyət bu hərəkətlərə müsbət yanaşmırsa, onları alqışlamaq lazımdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

Deputat bildirib ki, Azərbaycan xalqının özünəməxsus milli-mənəvi dəyərləri var və bu dəyərlər kökdən gəlmədir, nəsildən-nəslə ötürülüb: “Əxlaqi saflıq, xeyirxahlıq, abır-həya, böyük-kiçiyə hörmət insani keyfiyyətlərdir və xalqımız bu insani keyfiyyətləri uzun illər qoruyub-saxlayıb. Əlbəttə, elə dəyərlər var ki, daim olmalıdır. Bu dəyərləri müasirliklə, yeniliklə əlaqələndirmək, çərçivədən çıxmaq düzgün deyil”.

 

“Çox təəssüf edirəm, gənclər bildirirlər ki, gecələr təhlükəsizliyimiz təmin olunmur. Əslində, onların təhlükəsizlikləri təmin olunur. Bu təhlükəsizliyin pozulmasına qarşı görülən tədbirlər uğurludur. Nəyə görə gecələr saat 3-də, 4-də küçələrə çıxmalı, səs-küy salmalı, yatanları narahat etməlisən? Bu ki müasirlik deyil. Buna müasirlik donu geyindirmək əslində tərbiyəsizliyin əlamətidir. O ailələri, valideynləri alqışlayıram ki, onlar öz övladlarının gələciyini düşünür, milli-mənəvi dəyərlərimizə söykənir, öz balalarını yad meyillərdən, neqativ hallardan uzaqlaşdırmağa çalışırlar. Gənclərə məsləhətim budur ki, keçmişlərinə - tariximizə baxsınlar, nənə-babalarımızın yüksək insani keyfiyyətlərini özləri üçün örnək seçsinlər. Yoxsa yad meyillər, Avropanın eybəcərlikləri, eybəcər fikirlər, hərəkətlər gənclərimizə, onların gələcək talelərinə ziddir, yanlış yoldur. Hər bir gənc öz gələcəyini düşünürsə, o zaman keçmişimizlə, adət-ənənələrimizlə, dəyərlərimizlə sıx təmasda olmalıdır. Yaxşıları özləri üçün örnək seçməli, gələcəklərinə, uğurlarına zəmanət, zəmin yaratmalıdırlar”.

Xəbərlər