“Söhbət təkcə FETÖ-nün deyil, SEPAH-dan tutmuş, SOROS-a qədər hamısının təsirləri altında olan qüvvələrin fəaliyyətindən gedir...”
“Söhbət təkcə FETÖ-dən deyil, elə digər quruluşların da, dövlətlərin də - SEPAH-dan tutmuş, SOROS-a qədər hamısının təsirləri altında olan qüvvələrin fəaliyyətindən gedir. Hamısına birlikdə diqqət yetirmək lazımdır. Əks halda, biz Azərbaycan dövlətinin müəyyən problemlərlə qarşılaşmasını müşahidə edəcəyik. Bu, bizim üçün dövlət təhlükəsizliyimiz qədər vacibdir. Hansı çevrənin marağını təmsil edən qüvvə varsa, onu aşkara çıxarmalıyıq. Azərbaycan dövlətinin marağından kənar hansısa maraq olmamalıdır”.
Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Fazil Mustafa həmkarı Aqil Abbasın ölkədə, xüsusən media sahəsində FETÖ şəbəkəsinin olması barədə çıxışına münasibət bildirərkən deyib.
“Konkret olaraq kimin hara mənsub olduğunu, məhz həmin dairədən aldığı təlimatla təxribat yaratdığını söyləməkdə çətinlik çəkirəm. Çünki burada xarici amillər kifayət qədər güclüdür. Vəzifəyə qoyulan məmurların içində bu kateqoriyadan xeyli insan var. Amma bu, əsas vermir ki, həmin insanlar nəzarətdən kənarda qalsınlar. Onlara qarşı müəyyən addımların atılması vacibdir. Çünki belə bir siqnallar varsa, bu, dövlət təhlükəsizliyimiz üçün çox ciddi məsələdir”, - F.Mustafa bildirib.