Cəmiyyət 25 Avqust 2023, 18:32 | Baxış sayı: 209
“SOCAR-da son illər təhlükəsizlik texnikası ilə bağlı köklü işlərin getdiyi bildirilir”

“Çox təəssüf ki, “Azneft” İstehsalat Birliyinin N.Nərimanov Neft və Qazçıxarma İdarəsində (NQÇİ) planlı tikinti quraşdırma işləri zamanı 2 nəfər işçi dənizə düşərək həyatlarını itiriblər. Həlak olanlar neftçıxarma sahəsinə xidmət edən Tikinti İdarəsinin işçiləri olublar. Onlara Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin! Ümumiyyətlə, neft sənayesi çox çətin, ağır bir sahə olaraq həm də təhlükə potensiallı obyektlər hesab olunur. Bu sahədə işləyən insanlar xüsusi hazırlıqlı, bu sahədə təhlükəsizlik texnikası tələbləri isə çox yüksək olmalıdır. Əslində SOCAR-da, xüsusilə də son illər təhlükəsizlik texnikası ilə bağlı köklü işlərin getdiyi bildirilir. İstər avadanlıqların yenilənməsi, iştərsə də yeni texnika və texnologiyaların tətbiqi hasilata müsbət təsiri ilə yanaşı, işçi heyətin bu sahədə təhlükəsizliyini də təmin etmiş olur”.

 

Bu sözləri Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İltizam Yusifov ötən gün neftçilərin faciəvi şəkildə həlak olmaları fonunda onların SOCAR tərəfindən təhlükəsizliklərinin təmin edilməməsi məsələsinin gündəmə gətirilməsinə münasibət bildirərkən deyib.

 

Deputat qeyd edib ki, baş verən hadisənin səbəbi ilə bağlı əvvəlcədən birmənalı olaraq hansısa fikri demək, belə hallarda birbaşa hansısa qurumu, yaxud kimlərisə günahlandırmaq düzgün olmaz: “Burada iş yerinin mövcud vəziyyəti, texniki məsələlər, insan amili və digər faktorlar var. Dövlət Əmək Müfəttişliyi, FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin, Baş Prokurorluq və digər aidiyyatı qurumlar müvafiq araşdırmalar apardıqdan sonra hadisənin səbəbi dəqiq bəlli olacaq.  Sözsüz ki, müvafiq tədbirlər görüləcək”.

pravda.az

Xəbərlər