Cəmiyyət 23 Oktyabr 2023, 15:43 | Baxış sayı: 230
"Azərbaycanda ətraf mühitin mühafizəsi həmişə prioritet istiqamət olub"

44 günlük müharibə Azərbaycana qələbə qazandırmaqla yanaşı, təcavüzkar Ermənistanın ərazilərimizdə apardığı ekoloji terrora da son qoydu. Ekoloji tarazlığın təmin edilməsi, ətraf mühitin təmizlənməsi XXI əsrin əsas çağırışlarından biridir. Bu fonda Vətən müharibəsindən ötən üç il müddətində Qarabağda quruculuq-bərpa işləri ilə paralel olaraq monitorinq-tədqiqat işləri aparılıb. Erməni vandallığı nəticəsində xüsusi qorunma statusu olan unikal təbiət abidələri siyahısına daxil edilmiş minillik qədim ağaclar qəsdən kəsilib, zəngin təbiət tarixinin bilərəkdən silinməsinə cəhd edilib.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İltizam Yusifov deyib ki, Azərbaycanda ətraf mühitin mühafizəsi həmişə prioritet istiqamət olub

Deputat bildirib ki, ölkə iqtisadiyyatının sürətli və dayanıqlı inkişafı, yeni texnologiyaların tətbiqi ətraf mühitin mühafizəsinə də adekvat yanaşmanı tələb edir: "Ümimiyyətlə, təbii sərvətlərdən səmərəli istifadə, ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi məsələləri Azərbaycanda həmişə dövlətin diqqət mərkəzindədir. Son illərdə ətraf mühitlə bağlı bir neçə dövlət proqramı qəbul olunub, ölkəmiz müxtəlif beynəlxalq ekoloji konvensiyaların və ekoloji təşəbbüslərin fəal iştirakçısı olub. 2030-cu ilə qədər qəbul olunmuş sosial-iqtisadi inkişafa dair milli prioritetlərimizdə də təmiz ətraf mühiti və yaşıl artımı bu müddət üçün ölkəmizin 5 əsas prioritetlərindən biri kimi qəbul etmişik. Azərbaycanın ənənəvi enerji mənbələrinə - inkişaf etmiş neft və qaz sənayesinə sahib olmasına baxmayaraq, biz texnoloji baxımından müasir, ətraf mühitə təsir baxımından isə daha mükəmməl hesab edilən alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına böyük önəm veririk. Bununla bağlı Milli Məclis müvafiq qanun layihəsi qəbul edib və bu sahənin inkişafı üçün münbit hüquqi şərait yaradılıb. Ölkəmiz enerji istehsalında bərpa olunan enerji payının 30%-ə çatdırılmasını 2030–cu ilə qədər hədəf götürüb. O cümlədən tullantı sularının axıdılması, bərk məişət tullantılarının idarə edilməsi ilə bağlı vacib məsələlər də qəbul olunmuş dövlət proqramlarında yer alıb və onların icrası ilə bağlı mərhələli şəkildə növbəti illərdə işlər aparılır. Ətraf mühitə zərərli hesab olunan polietilen torbaların istifadəsi ilə bağlı konkret tədbirlər görülüb və müvafiq qanunvericilik bazası da yaradılıb. Atmosferə atılan və insan orqanizminə zərərli tullantıların azalması istiqamətində ölkəmizdə hibrid və elektriklə işləyən avtomobillərin istifadəsi təşviq edilir və onların əlçatanlığı üçün qanunvericilik bazası təkmilləşdirilir. Azad edilən ərazilərimizdə ətraf mühitin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, iqlim dəyişmələrinin təsirinin yumşaldılması və azaldılması üçün yeni imkanlar yaradılıb. Biz Qarabağı "Yaşıl zona" elan etmişik. Bu ərazilərin bərpasında ağıllı şəhər və ağıllı kənd yanaşmalarının tətbiqi, o cümlədən  ərazilərdə yaşıl enerji zonasının yaradılması gələcəkdə iqlim dəyişmələrinin təsirinin yumşaldılması təşəbbüslərinə birbaşa töhfə verəcək. Qarabağ zonasında kiçik su elektrik stansiyalarında hətta bioresursların qorunması üçün xüsusi qurğulardan istifadə olunur ki, bu da çaylarda olan balıq və digər canlılara zarər verməmək məqsədi daşıyır. Təəssüf ki, azad olunmuş zonalarda mina partlamasının da ekologiyaya birbaşa təsiri qaçılmazdır. Bununla bağlı ərazilərin minadan təmizləmə işləri də davam etdirilir. Bu gün Qarabağda gedən işlər bütün ekoloji norma və standartlara uyğun aparılır. Ölkə başçısı cənab İlham Əliyev deyir ki, biz Qarabağı cənnətə cevirəcəyik və çeviririk. Hesab edirəm, azad olunmuş ərazilər, bütövlükdə Qarabağ dünyanın ən təmiz ekoloji zonasına çevrilir və tezliklə çevriləcək. Ümumiyyətlə, ekologiya bir imtiyaz deyil, yəni hər kəs istədiyi kimi təbiətdən istifadə edə və davrana bilməz. Ekologiya müasir dövrdə bir hüquqdur. Bizim ölkəmizdə də təmiz ətraf mühitdə yaşamaq hər bir Azərbaycan vətəndaşının konstitusion hüququdur. Dövlət öz işini görür. Proqramlar qəbul və icra edir. Cəmiyyət də maariflənməli, təbiətə, ətraf mühitə həssaslıqla yanaşmalıdır".

 

"Sağlam həyata doğru" İctimai Birliyinin üzvü, su məsələləri üzrə ekspert Rövşən Abbasov isə bildirib ki,  Azərbaycanda ətraf mühitin qorunması üçün mövcud olan qanunverici baza kifayət qədər qənaətbəxşdir və bu məsələ Konstitusiyada əksini tapıb:

"Ölkəmizdə ətraf mühitin qorunması istiqamətində müxtəlif məcəllələr, qanunlar, fərmanlar, sərəncamlar qərarlar mövcuddur. Qəbul edilən sənədlərdə Azərbaycan ətraf mühitin mühafizəsi yönündə öz məramını aydın şəkildə ifadə edib. Məsələn, "Atmosfer havasının mühafizəsi haqqında", "Balıqçılıq haqqında", "Əhalinin radiasiya təhlükəsizliyi haqqında", "Heyvanlar aləmi haqqında" və s. qanunlar buna nümunədir. Eyni zamanda ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı ölkəmiz beynəlxalq səviyyədə də çox aktiv iştirak edir, müxtəlif konvensiyalarda rol oynayır. Azərbaycan hələ 2002-ci ildən Sərhəddən Keçən Su Axınlarının və Beynəlxalq Göllərin Mühafizəsi və İstifadəsi üzrə Konvensiyanın üzvüdür. Lakin qonşu ölkələrimiz Türkiyə, Gürcüstan, Ermənistan - heç biri bu Konvensiyaya qoşulmayıb. Azərbaycan Sənaye Qəzaları Transsərhəd Təsiri Haqqında Konvensiyanın, Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Haqqında Çərçivə Konvensiyasının və s. kimi çoxsaylı konvensiyaların üzvüdür. Bütün bunlar ölkənin beynəlxalq səviyyədə necə fəal olduğunu göstərir".

 

R.Abbasov bir sıra problemlərə də diqqət çəkib: "İri şəhərlərdə atmosfer havası həm nöqtəvi, həm də qeyri-nöqtəvi mənbələrdən çirklənir. Başlıca olaraq, avtomobilləri və bir çox sənaye müəssisələrini qeyd etmək olar. Avtomobillərin çirklənmə mənbəyi olmasını azaltmaq məqsədilə hazırda ölkəmizə elektrik və hibrid avtomobillərin gətirilməsi istiqamətində müsbət addımlar atılmaqdadır. Elektrik avtomobilləri gömrük rüsumundan azad olunub, hibrid avtomobillərin və yeni avtomobillərin gömrük rüsumu isə daha aşağıdır. Köhnə avtomobillərin ölkəyə gətirilməsinin qarşısı alındı. Çünki köhnə avtomobillər havanın çirklənməsinin əsas səbəblərindən biridir. Paralel olaraq ictimai nəqliyyatın gücləndirilməsi istiqamətində xeyli işlər görülür. Ayrıca avtobus zolaqlarının salınması və bu zolaqlardan istifadə üçün məcburetmə mexanizmlərinin gücləndirilməsi buna nümunədir. Artıq Bakının əksər yerlərində avtobus zolaqları var. Bakı-Sumqayıt avtobus zolağı da yeni istifadəyə verilib. Bunda əsas məqsəd insanların ictimai nəqliyyatdan istifadəsini artırmaq, o cümlədən şəxsi avtomobillərdən istifadəni azaltmaqdır. Ökəyə gətirilən yeni avtobusların əksəriyyəti elektrikli avtobuslardır. Bu, yaxın gələcəkdə Bakı şəhərində ictimai nəqliyyatın xeyli gücləndiriləcəyindən xəbər verir. İstərdim ki, Bakı ərazisində metro nəqliyyatı daha yaxşı inkişaf etdirilsin, bu tikinti daha sürətlə aparılsın ki, insanlar bir nöqtədən başqa nöqtəyə asanlıqla gedə bilsinlər. Əlbəttə, avtobuslardan istifadə sahəsində hələ də problem var. Avtobusların A nöqtəsindən B nöqtəsinə gediş intervalını mümkün qədər azaltmaq lazımdır. Hazırda da bəzi köhnə avtomobillərin intervalına görə ancaq 1 saat yarım, 2 saata mənzil başına çatmaq mümkündür. Belə hallarda isə insanlar avtobusdan istifadə etməməyə üstünlük verir, ya "1 manatlıq taksi"lərdən, ya da şəxsi avtomobillərdən istifadə edirlər".

 

R.Abbasov Xəzər dənizi ilə bağlı problemlərə də toxunub: "Çox təəssüf ki, hələ də Bakı və Abşeron yarımadasında çirkab sularının idarə olunması istiqamətində xeyli problem var. Abşeron yarımadasında yaşayan əhalinin evlərinin yalnız 50%-ə yaxını çirkab sularının idarə edilmə mərkəzinə qoşulub. Digər 50%-in çirkab suları isə birbaşa Xəzərə axıdılır. Bunun həlli bir qədər daha çətin olan məsələdir. Bəzi işlər görülüb, lakin yetərsizdir. Məsələn, Pirşağıda çirkab sularını təmizləmə məntəqəsi qurulub, amma mərkəzləşdirilmiş kanalizasiya xətləri hələ qurulmayıb. Lökbatanda isə əksinədir, kanalizasiya xətləri qurulub, amma su təmizləmə məntəqəsi hələ də yoxdur. Bir qədər planlı iş görmək lazımdır. Əlbəttə, Bakı göllərinə axıdılan çirkabın miqdarı həddindən artıq çoxdur. Bunun da qarşısını almaq mütləqdir. Hesab edirəm, bütün bu məsələlərin həllinə 10-15 il vaxtımız gedəcək, çünki investisiyalar ayrılmalı, layihələndirmə, tikinti işləri aparılmalıdır. Yəni bu, elektrik, telefon və qaz xətti kimi tez başa gələn məsələ deyil. Çirkab sularının idarə edilmə xətlərinin - kanalizasiya xətlərinin çəkilməsi xeyli vaxt alır. Bu da Xəzər dənizinin ətraf mühitinə çox ciddi zərbə vurur".

 

O qeyd edib ki, hazırda Abşeronda 30 min hektar neftlə çirklənmiş ərazi var: "Bu çirklənmə son 200 ildə baş verib. Həmin ərazilərin təmizlənməsi çox ağır problemdir, hətta neftlə çirklənmiş ərazilərin təmizlənməsi bəzən mümkünsüz olur. Təmizləmə işləri aparıldıqdan sonra belə təkrar çirklənmələr baş verir. Yəni yerin altında olan neft yenidən yerin səthinə çıxır. Əlbəttə, bu, yolverilməzdir".

 

R.Abbasov əlavə edib: "İşgaldan azad olunmuş ərazilərdə də ekoloji problemlər çoxdur. Çox qiymətli ağac növlərinin kəsilməsinin şahidi olduq. Torpaq deqradasiyası baş verib, meşələr qırılıb, ətraf mühiti təhlükəli tullantılarla çirkləndirən xeyli sayda qızıl mədəni istifadəyə verilib. Ölkə ictimaiyyətində artıq bu barədə çox geniş müzakirələr gedib. Transsərhəd çaylarının çirklənməsi problemi də mövcuddur. Ermənistandan Azərbaycana gələn əsas çaylardan biri Oxçuçay bu gün də təhlükəli tullantılarla çirklənir. Oxçuçayın hövzəsində Qafan, Qacaran şəhərlərinin ətrafında çoxlu qızıl mədənləri var, oradan axan tullantılar çay vasitəsilə Azərbaycan ərazisinə gəlir. Hətta bu yaxınlarda ermənilər  Arazdəyəndə böyük bir qızıl emalı müəssisəsi tikmək istəyirdilər, amma sonra Azərbaycan tərəfinin təzyiqi ilə onun yerini dəyişdilər. Çünki Azərbaycan ərazisinə ziyan verə bilərdi".

Xəbərlər