Siyasət 23 May 2023, 16:34 | Baxış sayı: 159
“Sinan Oğan azərbaycanlıdır, təbii ki, ölkəmizin maraqlarını düşünərək seçim edib”

“Sinan Oğanın seçiminə hansısa şəkildə Azərbaycan hakimiyyətinin təsir göstərdiyi ciddi söhbət deyil. Bu məsələdə başqa nüans axtarmağa ehtiyac yoxdur. Sinan Oğan azərbaycanlıdır, təbii ki, Azərbaycan maraqlarını düşünərək seçim edib. O, real, gerçəkci bir siyasətçidir və real vəziyyətdən çıxış edir. Təsəvvür edin, bir millətçi kimliyə sahib olan adam HDP-nin, yəni PKK-nın dəstəklədiyi siyasi partiyanın olduğu cinaha səs verərmi? Kimliyindən asılı olaraq bunu etməz. İkincisi, Oğan Türkiyədə hakimiyyət boşluğuna, xaosa imkan verməyən bir xətt izlədi. Əgər parlament müxalifətdə olsaydı, onda Sinan Oğanın qərarı fərqli səslənərdi. Amma faktiki olaraq parlament “Cümhur İttifaqı”ndadır. Bəs necə olur? Onda prezident başqa müxalifət cinahından olanda Türkiyə artıq bir ildən sonra yenidən seçkiyə gedəcək. Elə bir qarşıdurma olacaq ki, bunun qabağını almaq mümkün deyil”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fazil Mustafa deyib.

 

Deputat bildirib ki, Türkiyədə indiki hakimiyyət dəyişikliyi Qarabağın taleyi ilə bağlı bir çox məsələlərdə ziyana işləyə bilər: “Biz Türkiyə cəmiyyətinin işinə qarışmaqdan, yaxud Türkiyənin marağından danışmırıq. Çünki buna ehtiyac yoxdur. Biz öz marağımızdan çıxış edirik. Marağımız budur ki, Türkiyədə indiki hakimiyyət dəyişikliyi bizim üçün narahatedici məqamları ortaya çıxara bilər. Həmin məqamlar isə birinci növbədə Qarabağla bağlıdır. Bizə birmənalı dəstək verən, hazırda bu istiqamətdə özünü təsdiqləmiş bir anlayışa sahib iqtidarı qoyub, hələ bizim üçün şübhəli, Azərbaycana qeyri-müəyyən baxışı olan qüvvələri niyə dəstəkləməliyik? Yəni burada söhbət nə Ərdoğana simpatiyadan gedir, nə də Kılıçdaroğluna anti-patiyadan. Burada Azərbaycan marağından, Qarabağın taleyindən söhbət gedir. İndiki məqamda Ərdoğanın Azərbaycanla-Qarabağla bağlı mövqeyi bizə birmənalı aydındır. Aydın olanı qoyub, aydın olmayana niyə müəyyən dərəcədə ümid bəsləməliyik? Məncə, bu məsələdə Azərbaycan hansısa ölkədə demokratiya, haqq-ədalət prinsipi ilə baxış ortaya qoymur. Məsələyə təhlükəsizliyimiz baxımından yanaşırıq. Sinan Oğan da bu prosesləri gözəl təhlil etmiş, Azərbaycanın dərdlərini dərindən bilən bir şəxsiyyətdir. Özünə görə belə bir seçim edib və burada təəccüblü nəsə yoxdur”

Xəbərlər