“Silahlı hücumdan İran kəşfiyyatının xəbərsiz olması şübhəli məqamdır”
“Bu gün çox məyusedici xəbər aldıq. Təəssüf hissi ilə qeyd edirəm ki, İrandakı səfirliyimizə hücum olunub, güclü hesab edilən Tehran polisi isə buna maneə ola bilməyib. Çox qəribədir ki, Ermənistanın havadarlarından olan Fransa və İranda oxşar hadisələr baş verir. İran hökuməti ölkəsi daxilində yerləşən diplomatik binaların təhlükəsizliyinə cavabdehdir. Bu silahlı hücumdan İran kəşfiyyatının da xəbərsiz olması şübhəli məqamdır”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.
M.Cəfərov qeyd edib ki, xüsusilə, son zamanlar baş verən siyasi maraqların toqquşması və sair burada qonşu ölkənin məsulliyətsiz davranışından xəbər verir: “İran dövləti daxilində ölkəmizə qarşı baş vermiş bu terrora birbaşa məsulliyyət daşıyır: “O səbəbdən tezliklə münasibətlərə xələl gəlmədən terror aktının arxasında dayanan güclərin ifşa olunması üçün əlindən gələni etməlidir. Çünki Azərbaycan dövləti öz ölkəsindəki İran diplomatik nümayəndəliyinin tam təhlükəsizliyini təmin edir, bu addım qarşılıqlı olmalı, hətta bir çox dövlətlər nümunə götürməlidir. Mən bu hadisənin arxasında son zamanlar İranda gedən antiazərbaycan təbliğatının dayandığını ehtimal edirəm. Artıq Azərbaycan yaxşı görür ki, onun qələbəsi kimləri narahat edir. Biz qonşullarımızla regionda sülh, dinc şəkildə yaşamaq üçün səylə çalışırıq. Lakin hər vəchlə sülhə mane olanlar bu gün regionda dincliyi, firavanlığı şübhə altına salırlar”.