Cəmiyyət 28 Avqust 2023, 17:11 | Baxış sayı: 178
“Şəhəri çoxmərtəbəli binalar qəbiristanlığı etdik, nəticə budur ki, yağan yağışın axma yeri yoxdur”

Yenə də tanış mənzərə: paytaxt küçələrində, avtomobil və piyada yollarında, çökək ərazilərdə yığılan yağış suları... Bakıda səhər saatlarından etibarən yağan güclü yağış bu dəfə də hərəkəti iflic etdi. Binaların həyətini, məhəllələri, metrostansiyaların qarşısını da su basıb, vətəndaşların hərəkəti çətinləşib. Bir zamanlar Bakıda yağışlı hava şəraitinin yaratdığı problemlərə görə hər kəs sabiq mer Hacıbala Abutalıbovu günahlandırır, müxtəlif başlıqlarla fotolarını paylaşaraq onu sosial şəbəkələrin, mətbuatın “baş qəhrəmanı”na çevirirdilər. Düz 5 ildir ki, Abutalıbov vəzifədən gedib, bəs paytaxtda vəziyyət niyə dəyişmir? Müzakirələr zamanı ekspertlər bildirirlər ki, paytaxta cavabdeh şəxslər var, yaranan problemləri aradan qaldırmaq hamının borcudur. Lakin bu məsələlər koordinasiya olunmur. Kimi “üzüyumşaq” tapırlarsa, ən çox onun üzərinə gedirlər. Belə olan halda, paytaxtdakı duruma görə müqəssir kimdir?

 

Bununla bağlı11111111111111111111111 fikirlərini bölüşən Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, əslində, paytaxtın infrastrukturu ilə bağlı problem Azərbaycan müstəqillik əldə etdikdən sonrakı ilkin dövrlərdə başlayan prosesin yarımçıq qalması ilə bağlı idi.

 

“Vaxtilə guya kanalizasiya sisteminin çəkilməsi üçün Dünya Bankından vəsait ayrıldı. Əldə olunan məlumatlara görə, həmin vəsaitlərin çoxu mənimsənildi, təyinatı üzrə xərclənmədi. Dənizə çirkab suların axıdılması məsələsi də həllini tapmadı. Bir sıra məsələləri vaxtında boşuna buraxdıq. Şəhəri çoxmərtəbəli binalar qəbiristanlığı etdik. İndi isə nəticə budur ki, yağan yağışın axma yeri yoxdur. Yoxdursa, artıq bunu indi düzəltmək mümkün deyil. Bunu ancaq paytaxtı yüngülləşdirərək, mərkəzdəki universitet və digər təhsil müəssisələrini, dövlət orqanlarını şəhərdən bir az kənara köçürməklə həll etmək mümkündür. Yoxsa bu formada problemin həlli, sözün açığı, mümkün deyil”, - deputat deyib. 

 

F.Mustafa güclü yağış səbəbindən “Sədərək” və “Binə” ticarət mərkəzlərinin yenidən su altında qalmasına da diqqət çəkib: “Yazıq sahibkarlar, bu zülmü hələ bundan sonra daha çox çəkəcəklər. Onların problemlərinin həlli istiqamətində konkret hansı addımların atılacağını bilmirəm. Hər halda ciddi yanaşılmalıdır. Bu insanlar çox zülm, əziyyətlə beş manat çörəkpulu qazanırlar, bir sel gələn kimi hər şeyləri əllərindən gedir. Sədərək və Binə ticarət mərkəzlərində obyektləri su basması utancverici haldır. Bunun qarşısını almaq üçün dövlət, hökumət səviyyəsində ciddi şəkildə tədbirlər görülməlidir”.

pravda.az

Xəbərlər