Cəmiyyət 23 Avqust 2021, 13:54 | Baxış sayı: 330
""Şeyxülislam kim ola bilər" məsələsi strateji məsələ kimi müzakirə olunmalıdır".

Son vaxtlar bəzi fikirləri birmənalı qarşılanmayan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam hacı Allahşükür Paşazadə haqqında müzakirələr səngimir.  İranla bağlı açıqlaması birtərəfli qarşılanmayan Şeyxin sosial şəbəkələrdə və yerli mediada istefası tələb olundu, hətta onun postuna bəzi din xadimlərinin namizəd olması barədə müxtəlif versiyalar irəli sürüldü. 

Hər kəsi bir sual maraqlandırır: Allahşükür Paşazadədən sonra Şeyxülislam vəzifəsinə kim təyin olunacaq?

Bu barədə Modern.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, ölkəmizin din siyasətində boşluqlar var. Onun sözlərinə görə, son zamanlar dinlə bağlı bəzi proseslər sanki dövlətin nəzarətindən çıxır.

Deputatın fikrincə, ən azından hərbi hissələrdə müəyyən dini tədbirlər keçirilirsə, deməli, bu, Azərbaycanın iradəsindən kənar, hansısa xarici dövlətlərin müdaxiləsilə edilir:

"Şeyxülislam Hacı Allahşükür Paşazadənin açıqlamalarında qəbul etmədiyimiz müəyyən məqamlar olsa da, o, radikalizmə mənfi münasibət bəsləyir. Diqqət edirsinizsə, mərasimlərin aşırı radikalizmə yönəlməsinə mane olan addımları ilə yadda qalıb. Məsələn, qanvermə aksiyası hər halda müsbət addımdır. İnsanlara izah edir ki, qan çıxırsa, heç olmasa faydalı olmalıdır. Şeyxin radikal islamçılıqdan uzaq olması Azərbaycan dövləti üçün qaneedicidir".

F.Mustafa qeyd edib ki, Şeyxülislamı əvəz etməyə namizəd kimi görünən insanlar qonşu ölkənin təsiri altındadır:

"Hiss olunur ki, bütün təlimatları həmin istiqamətdən alırlar. Hesab edirəm ki, "Şeyxülislam kim ola bilər" məsələsi strateji məsələ kimi müzakirə olunmalıdır. Düşünmürəm ki, indiki məqamda bu rolu icra edəcək kadr tapmaq asan olsun. Çünki Azərbaycanda din siyasəti elə qurulmalıdır ki, dövlət özü prosesləri nəzarətdə saxlaya, bunu istədiyi istiqamətə apara bilsin".

Xəbərlər