Siyasət 21 Avqust 2023, 16:53 | Baxış sayı: 81
"Separatizmə şərait yaradanların Azərbaycan ərazisindən çıxması növbəti uğurumuz, qətiyyətimizin göstəricisidir”

“Bu gündən etibarən Rusiya vətəndaşlığını qəbul etmiş ermənilərin Azərbaycan ərazisindən çıxması bizim növbəti uğurumuz, qətiyyətimizin göstəricisidir”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, həmin şəxslər Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışır:

“Onların havadarları başlatdıqları çirkin oyunu davam etdirə bilməyəcəklərini anlayırlar. Azərbaycan dəfələrlə deyib ki, bizim ərazimizdə ancaq vətəndaşlığımızı qəbul edən şəxslər yaşaya bilərlər. Bunu istəməyənlər isə ölkəmizi tərk bilərlər. Onlar üçün qapı açıqdır”.

Deputatın sözlərinə görə, həmin şəxslərin əksəriyyəti Rusiya pasportunu daşıyır:

“Onlar Rusiya vətəndaşlığını qəbul ediblər. Görünən odur ki, Azərbaycanda Dnestryanı, Donbass ssenariləri keçmədi. Proseslərin davamı da gələcək. Bizim ərazilərimizdə ancaq Azərbaycana reinteqrasiyanı qəbul edənlər yaşaya bilərlər. Onlara qanunvericilikdə nəzərdə tutulmuş bütün şərait yaradılacaq”.

Millət vəkilinin fikrincə, hər kəs anlamalıdır ki, atılan çirkin addımların perspektivi yoxdur:

“Azərbaycan hər zaman olduğu kimi, öz qətiyyətini və prinsipiallığını qoruyacaq. Separatizm səyləri davam edərsə, rəsmi Bakı bunun qarşısının alınması üçün sərt addımlar atacaq. Qarabağda vəziyyəti gərginləşdirən, separatizmi dəstəkləyənlər ayrı-ayrı qruplardır. Onlar arzularına çatmayacaqlar. Bunu özləri də bilirlər”.

Qeyd edək ki, avqustun 21-də Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışan, ona dəstək verən şəxslər Ermənistan istiqamətində sərhədi keçərək ölkəmizi tərk ediblər.

report.az

Xəbərlər