Siyasət 20 Sentyabr 2023, 15:58 | Baxış sayı: 87
“Separatçılar ağ bayraq qaldırmalı, silahı yerə qoymalıdır”

“Azərbaycanın qətiyyətli mövqeyi Ali Baş Komandanın uğurları və xalqımızın birliyi ilə 44 günlük Vətən müharibəsi dövründə özünü aşkar göstərdi. Heç bir qüvvə Azərbaycanı öz yolundan döndərə bilmədi”.

Bu fikirləri millət vəkili Vüqar İskəndərov deyib.

Deputat 3 il keçməsinə baxmayaraq, hələ də bölgədə dayanıqlı sülhün bərqərar olmadığına diqqət çəkib:

“Bu məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Qarabağ iqtisadi rayonunda qanunsuz erməni silahlı qüvvələrinin təxribatları nəticəsində mülki şəxslərin həlak olması Azərbaycanın səbrini daşırdı. Bu dəfə də bəzi beynəlxalq qüvvələr qərəzli çıxışlar etməyə başlayıblar. ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Azərbaycanın haqlı mövqeyi bəllidir. Separatçılar ağ bayraq qaldırmalı, silahı yerə qoymalı, Yevlaxda görüş keçirilməlidir. Antiterror tədbirləri yalnız bundan sonra dayandırıla bilər. Azərbaycan bu mövqeyini sona qədər qoruyacaq. Heç bir qüvvə Azərbaycanı haqq yolundan döndərə bilməz. Antiterror tədbirləri beynəlxalq hüququn norma və prinsiplərinə uyğundur. Beynəlxalq güclərin təzyiqi əbəsdir, yalnız vaxt itkisidir”.

V.İskəndərov hesab edir ki, dövlət üçün həssas dönəmdə siyasi partiyalar həmrəy olmağı bacarmalıdırlar:

“Azərbaycanın daxilində bütün siyasi partiyalar dövlətin yanında olsalar da, təəssüf ki, bir neçə partiya – Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Müsavat Partiyası, REAL Partiyası həmrəyliyə qoşulmadılar. Onlar hələ də anlamırlar ki, dövlətin müxalifəti olmur. Bu partiyaları dövlətin yanında olmağa səsləyirəm”.

musavat.com

Xəbərlər