"Əsas problemlərdən biri yolların keyfiyyəti ilə bağlıdır"
Bu gün Azərbaycanda əsas problemlərdən biri yolların keyfiyyəti ilə bağlıdır.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev bildirib.
"Bakı-Quba yolunun çəkilməsinə 1 milyard manat pul xərclənib. Amma o yol 5 ildən sonra pis vəziyyətə düşüb. İndi orada bərpa işləri gedir, yenidən büdcədən pul xərclənilir. Halbuki bu yola 30 ildən çox zəmanət verilmişdi. Necə ola bilər ki, 5-6 ildə qismən də olsa yol yararsız hala düşür? Bizə izah edirlər ki, həmin yolla ağır tonnajlı maşınlar gedir. Bu yolu tikəndə bilmirdiniz ki, sərhədə gedən yoldur və oradan böyük, ağır yük maşınları gedəcək? Digər bir yol Ələt-Hacıqabul yoludur. Burada da eyni hal yaşanır. 6 ildən sonra həmin yol yararsız hala düşüb. Yenidən onu bərpa etməyə büdcədən pul ayrılır. İmkan varsa, bu yolları çəkənləri dəvət edib sual verək ki, onu çəkəndə niyə müəyyən məsələləri nəzərə almayıblar?", - deyə deputat əlavə edib.
report.az