Cəmiyyət 9 Yanvar 2023, 12:32 | Baxış sayı: 161
"Sanki peyğəmbərin və imamların qohum əqrabalarının çoxu ölməyə Azərbaycana gəlib"

Milli Məclisin deputatı Fazil Mustafa ölkədə fəaliyyət göstərən televiziya rəhbərlərinə çağırış edib.

 

Pravda.az-ın xəbərinə görə, F.Mustafa jurnalistlərə dini cahilliyi təbliğ edən verilişlər, süjetlər yaymamaları üçün tapşırıq verilməsini xahiş edib.

 

"Adam bir ziyarətgahı göstərib deyir ki, burada 5-ci imamın bacısının qızı dəfn olunub, adamlar gəlib burada şəfa tapırlar. Digər süjetdə də göstərilən məzarlarda ya peyğəmbərin xalası nəticəsi, ya da 6-cı inamın əmisi uşağı yatır, cahil insanlar da buranı pirə çeviriblər. Adam axtarsa, heç özünün üç arxa dönəni müəyyənləşdirə bilməz, elə inamla deyir ki, sanki peyğəmbərin və imamların qohum əqrabalarının çoxu ölməyə Azərbaycana gəlib. Burdan bura Rusiyada sürgündə dünyasını dəyişmiş böyük aydınımız Yusif Vəzir Çəmənzəminlinin məzarını tapa bilmirik, bunlar haçansa bura ərə gəlmiş məchul bir xanımın məzarı üstündə məqbərə tikib, imamın xalası nəvəsi kimi məzarına səcdə etməyə gedirlər. Xalqımızın əhəmiyyətli hissəsinin cahillik mazoxizmini həyat tərzinə çevirməsi bir reallıqdır, ancaq bunu ciddi informasiya kimi televiziyalar tirajlamamalıdır. Çünki təcrübə göstərir ki, bu cür elmi və mənəvi dəyəri olmayan təbliğata inananlar həmişə çox olur", - F.Mustafa qeyd edib.

Xəbərlər