“Sağlam rəqabət aparmaqda aciz olan radikal qüvvələr milçək olub ürək bulandırmaq istəyirlər”
Qarşıdan növbədənkənar prezident seçkiləri gəlir. Amma yenə də demokratiyanın əsas hissəsi olan seçki prosesinə kölgə salmağa çalışanlar, öz kirli oyunlarından əl çəkmək istəmirlər. Bir partiyanın əsas iş prinsipi məhz seçkilərdə iştirak etmək, seçicilərin ona olan etimadını doğrultmaq və ölkədə gedən proseslərin iştirakçısı olmaqdır. Ancaq həmişəki kimi ölkə uğurlarına düşmən münasibətdə olan AXCP biabırçı məğlubiyyətdən yayınmaq üçün öz aləmində seçkini boykot eləmək qərarına gəlib. Sanki onların boykotu nəyisə dəyişə bilər. Bu bir daha onu göstərir ki, qərəzli şəkildə boykotun elan olunması xarici qüvvələrə xidmət edən siyasi təxribatdır”.
Bunu açıqlamasında deputat Vüqar İskəndərov deyib.
“Birdəfəlik hər kəs bunu anlamalıdır ki, “Boykot” siyasətdə prinsipial mövqeyin nümayişi deyil, o, bilavasitə təxribatlara yol açan siyasi hiylədir. Biz tarixən də görmüşük ki, cəmiyyətin inkişafına və milli həmrəyliyə zərər verə biləcək əməllər bütün dövrlərdə radikalların fəaliyyətini xarakterizə edən əsas keyfiyyətlərdən olublar. Bu gün ölkəmizdə siyasi sabitlik hökm sürür. Seçki prosesinə hər bir namizəd qanunvericiliyə uyğun formada hazırlaşır. Hər bir partiya da seçicilərinin etimadını doğrultmaq, özünü seçki prosesində göstərmək üçün bu mərhələlərdə iştirak edir. Yəni bir partiyanın onsuz da əsas funskiyalarından biri budur. Ancaq bütün dövrlərdə yalnız manipulyasiya və siyasi alver ilə məşğul olan təxribatçılar seçkilərdə iştirak etməkdən imtina etməklə hətta az sayda olan öz tərəfdaşlarına belə arxa çevirmiş olurlar. AXCP hər seçkini boykot etməklə guya öz aləmində qarışıqlıq salmaq, çaxnaşma yaratmaq, beynəlxalq aləmin diqqətini cəlb etmək niyyətinə düşür. Siyasi sabitliyi pozmaq və ölkənin daxili məsələlərinə müdaxilə etmək arzusunda olan xarici qüvvələr seçki prosesini təxribatlar üçün “universal” fürsət yaradan amil kimi dəyərləndirir. Bu radikal təfəkkürün də əsasında yalnız kimlərinsə maraqlarına xidmət etmək və qrant layihələrindən faydalanaraq cəmiyyətdə ixtilaf yaratmaq kimi xain amillər dayanır. İdeoloji dərinlik, şəxsi nailiyyət, ictimai nüfuz, intellektual potensial, sadiq elektorat, habelə uğurlu siyasət üçün önəmli hesab olunan bütün digər amillərdən məhrum olmuş radikallar məhdud sayda olan insanlardan ibarət amorf dəstədir. Hazırda ölkədə elə bir vəziyyət var ki, burada boykot ediləcək bir məqam yoxdur. Hər bir məsələ şəffaf formada həllini tapıb. Hər kəs də gördü ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Həmçinin, növbədənkənar seçkilərin keçirilməsi qərarından sonra AXCP üçün qurultayın keçirilməsinə icazə belə verilib və bu məqsədlə Maştağa qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzində şərait yaradılıb. Yəni bütün imkanlar sağlam rəqabət üçün yaradılıb. Ancaq sağlam rəqabət aparmaqda aciz olan bu radikal qüvvələr “milçək olub ürək bulandırmaq” istəyirlər”.
demokrat.az