“Rüşvət və korrupsiya ilə dövləti irəli aparmaq olmaz”
Uzun illərdir Azərbaycanda mövcud olan icra hakimiyyətləri sisteminin artıq iflasa uğraması iddiası var. İcra hakimlərinin silsilə həbsləri, mənimsənilən dövlət vəsaiti, mərkəzi hakimiyyətdən alınan dotasiyaların qeyri-məqsədlər xərclənməsi hallarının geniş vüsət alması idarəetmədə dəyişiklikləri zəruri edir.
Bu barədə Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində də bir sıra anonslar vermişdi. Odur ki, Azərbaycanın bölgələrində icra hakimiyyəti strukturları ilə bağlı yeniliyin yaxın zamanlarda həyata keçəcəyi istisna deyil.
Mövzu ilə bağlı Yenisabah.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Tahir Rzayev əmin edib ki, icra strukturlarında da islahatların getməsi zamanın tələbidir:
“Çünki yeni yaradılan Prezidentin yerli nümayəndələrinin fəaliyyəti göstərir ki, işə daha ciddi yanaşmaq, məsuliyyəti artırmaq və operativlik üçün mütləq icra orqanlarında struktur dəyişiklikləri olmalıdır. Cənab Prezident də xatırlatdı ki, belə islahatlar getməlidir”.
T. Rzayevin qənaətinə görə, bu məsələ Prezidentin səlahiyyətinə aid məsələdir:
“Biz deyə bilmərik ki, səhər bu sistem dəyişib qubernatorluq olacaq, yaxud yerli ərazi nümayəndəlikləri yaranacaq və ya regional icra nümayəndəlikləri təsis ediləcək. Bunların hamısı ölkə başçısının səlahiyyətlərindədir. Sözsüz ki, ölkə rəhbəri bununla əlaqədar öz fikrini deyəcək”.
Deputatın fikrincə, icra orqanları indiyə qədər yerlərdə çox böyük işlər görüb, tapşırılan vəzifələri yerinə yetirib:
“İnsanlarla təmasda olma, onların müəyyən arzu və xahişlərinin yerinə yetirilməsi, yerlərdə müəyyən iqtisadi-sosial və aqrar məsələlərin həyata keçirilməsiylə bağlı icra orqanlarının fəaliyyəti danılmazdır. Lakin müəyyən nöqsanlar var, onların da aradan qaldırılması təkcə icra hakimiyyəti orqanlarından asılı deyil, əksinə, müvafiq orqanlar və vətəndaşlardan asılıdır.
Əgər kimsə rüşvət verirsə, korrupsiyaya bulaşırsa, rüşvəti verənin özü də, rüşvət alan da müqəssirdir. Vicdan amili ortaya qoyulmalıdır ki, ölkənin gələcəyi, müqəddəratı, yetişməkdə olan nəslin yaxşı yaşaması üçün neqativ hallar aradan qaldırılsın.
Yenə deyirəm, vətəndaş cəmiyyəti cəmiyyəti olmadan bu problemləri aradan qaldırmaq mümkün deyil”.
T. Rzayevin sözlərinə görə, bütün dünyada korrupsiya halları var:
“Bunu aradan qaldırmaq üçün vətəndaş-iqtidar-müxalifət – hamısı birlikdə mübarizə aparmalıdır. Bunu təkcə dövlət məmurlarının, yaxud inzibati orqanların üzərinə qoysaq, bu, mümkün deyil. Bu, əlbir işin nəticəsi olmalıdır ki, korrupsiya faktları aradan qaldırılsın.
Azərbaycandakı bir çox icra orqanlarında rüşvət halları baş verdi, o şəxslər hazırda cəzalarını çəkirlər. Eləcə də nazirlərimiz və nazir müavinləri arasında da belə hallar oldu. Bundan ibrət götürülməlidir. Rüşvət və korrupsiya ilə dövləti heç vaxt irəli aparmaq olmaz.
Gələcəkdə də hansı struktur yaradılacaqsa, həmin strukturun vəzifə sahibləri qarşısında konkret tapşırıqlar qoyulacaq. O tapşırıqların yerinə yetirilməsi üçün də həmin vəzifələrə vicdanlı və məsuliyyətli insanlar gətirilməlidir. Hər şey kadrlardan, məsuliyyətli, işgüzar, bacarıqlı, vətəndaşla sağlam münasibətdə olan insanlardan asılıdır. Belə olan halda bəzi neqativ hallar aradan qaldırıla bilər”.