Siyasət 26 Dekabr 2023, 15:39 | Baxış sayı: 201
“Rusiyada kənd təsərrüfatı məhsullarına ehtiyac duyulursa, Azərbaycan kömək əlini uzatmağa məcburdur”

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Azərbaycanda yumurtanın bahalaşmasının Rusiyaya yumurta idxalı ilə əlaqələndirilməsinə münasibət bildirib.

 

Deputat açıqlamasında deyib ki, bu gün Rusiyada müəyyən kənd təsərrüfatı məhsullarına ehtiyac duyulursa, Azərbaycan kömək əlini uzatmağa məcburdur:

 

“Yumurta istehsalında olan gerilik və Rusiyaya yumurta ixrac edilməsi heç də bazarda bahalaşmaya imkan yarada bilməz. Çünki bütün bunlar hamısı hesablanır. Tələbatdan artıq məhsullar Rusiyaya ixrac edilir. Planlaşdırılmış şəkildə baş verən ixrac ölkələr arasında münasibətlərin yaxşılaşmasına stimuldur. Narahatlığa ehtiyac yoxdur. Nəinki yumurta, dünyada bir çox kənd təsərrüfatı məhsullarının qiymətlərində artımlar müşahidə olunur. Azərbaycan da bahalaşmadan sığortalanmayıb. Xarici ölkələrlə qarşılıqlı əməkdaşlığımız, qəbul olunmuş öhdəliklərimiz, konvensiyalarımız, müqavilələrimiz var. Sözsüz ki, bu sənədlər əsasında müəyyən məhsulların xarici ölkələrə ixrac olunması tənzimlənir. Azərbaycan Prezidenti, dövləti Ermənistan istisna olmaqla, ən çətin gündə qonşu dövlətlərə istər maddi, istərsə də mənəvi cəhətdən kömək əlini uzadıb. Dövlətimizin rəhbəri öz humanist amallarını ortaya qoyub. Fəaliyyətdə olduğu bütün dövrlərdə buna əməl edilib. Bu gün Rusiyanın müəyyən məsələlərdə çətinliklərlə qarşılaşması, əlbəttə, bir qonşu, həm də mehriban münasibətləri olan ölkə kimi Azərbaycanı düşündürür. İlk növbədə, müharibənin əleyhinəyik. Rusiya-Ukrayna müharibəsi hər iki dövlətə ciddi zərər verib, nəinki iqtisadi, mənəvi cəhətdən də ölkə xalqlarını xeyli sarsıdıb”

pravda.az

Xəbərlər