Siyasət 6 Sentyabr 2023, 17:15 | Baxış sayı: 183
“Rusiya “nə şiş yansın, nə kabab” prinsipilə açıqlamalar verir”

Rusiya Ağdam - Xankəndi marşrutu ilə humanitar yüklərin maneəsiz şəkildə regiona çatdırılmasının tərəfdarıdır.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova sentyabrın 5-də keçirdiyi brifinqdə deyib:

“Biz Rusiya, Azərbaycan və Ermənistan liderlərinin kompleks üçtərəfli razılaşmaları əsasında hərəkət edirik. Humanitar yardımın maneəsiz olaraq həm Laçın, həm də Ağdam marşrutu ilə regiona çatdırılmasının tərəfdarıyıq və məlum məsələnin lazımsız yerə siyasiləşdirilməməsinə çağırırıq”, - deyə Zaxarova əlavə edib. 


Milli Məclisin deputatı Fazil Mustafa açıqlamasında deyib ki, Rusiya “nə şiş yansın, nə kabab” prinsipilə hər iki tərəfi qane edəcək açıqlamalar verir:

“Azərbaycan suverenliyinə aid olan məsələləri yalnız özü həll edə bilər, bu mövqeyimizdə israrlıyıq. Kimin nə açıqlama verməsi önəmli deyil, önəmli olan Azərbaycanın müstəqil iradəsidir. Və biz bu iradəni çoxdan ortaya qoymuşuq - gəlin, vizanızı alın və ya hər hansı şəkildə Azərbaycandan rəsmi icazə alın, daha sonra hansısa humanitar yükün daşınmasını həyata keçirə bilərsiniz. 

Laçından humanitar məqsədlə Qarabağdan insanların keçidi təmin olunur. Zaxarovanın bu açıqlaması yeni bir icad deyil, sadəcə bir qədər məsələdən yayınmaq üçün qurulmuş cümlələrdir. Əsas məsələni biz müəyyən edirik. Suverenliyimizə təhlükə olacaq hər hansı proseslərə icazə verməyəcəyimizi də bildirmişik”.

demokrat.az

Xəbərlər