Cəmiyyət 11 Mart 2022, 17:31 | Baxış sayı: 195
"Rusiya faktiki olaraq dünya sivilizasiyasından çıxarılıb. Əslində, SSRİ indi bərpa olunub".

SSRİ İNDİ BƏRPA OLUNUB… BÖYÜK FACİƏLƏR YAŞANACAQ

“Bu gün Rusiya özünü SSRİ-dən də acınacaqlı vəziyyətə salıb. Rusiya elitası bu siyasətdən yaxın zamanda uzaqlaşmasa, çox böyük faciələr yaşayacaq”.

Bu sözləri Bakupost.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

O, Rusiya-Ukrayna müharibəsi ilə bağlı Rusiyanın beynəlxalq məhkəmə qarşısında yaşayacağı problemləri dəyərləndirib:

“Rusiyanın Ukraynaya müdaxiləsi, işğalı beynəlxalq hüququn normalarına ziddir. Ukraynanın digər ərazilərini işğal ediblər, onda da dünya ictimaiyyəti qəbul etmirdi. Lakin Rusiyaya bu qədər sərt münasibət göstərilmirdi, çünki haradasa Rusiyanın dayanacağını gözləyirdilər. Amma Rusiyanın Ukraynaya hücumunu müəyyən qədər gözlədikləri üçün Ukraynaya həm mütəxəssislər, həm texnika, həm də başqa formatda yardım göstərirdilər. Rusiyanın Ukraynanı sıradan çıxarmaq üçün atdığı addım səhv idi və Avropa, ABŞ da bundan istifadə etməyə çalışıb. Burada geostrateji baxımdan Rusiya kimi bir dövlətin bataqlığa doğru getməsi Amerika və Avropanın maraqlarına tam uyğun gəlir. Rusiya bu tələyə düşüb. Müəyyən dərəcədə insan itkisi yaşansa da, Rusiya hərbi gücünü də itirib. Çox güman ki, Lahey məhkəməsində də savaş üzrə cinayətkarların müəyyənləşməsi istiqamətində ciddi addımlar atılır”.

Deputat müharibənin gedişatı ilə bağlı olaraq soydaşlarımızın kütləvi şəkildə vətənə dönməsi ilə yarana biləcək problemlərə də toxunub:

“Burada bizim üçün acınacaqlı durum odur ki, Ukraynada faciədən qaçan, Rusiyada isə böhrandan qaçan insanların ölkəmizə gəlişi sürətlənəcək. Ona görə də Rusiya ölkələrə çıxışı bağlayıb. İnsanların çoxu öz ölkələrinə geri qayıda bilmir. Amma 10 milyona yaxın insanın Avropaya keçidi baş tutacaq. Bu da humanitar bir fəlakətə gətirib çıxaracaq. Elə bölgədə də müharibə, danışıqlar uzun müddət sürə bilər. Bunu Rusiyanın geri addım atmaması, məğlubiyyətini qəbul etməməsi ilə bağlamaq olar. Rusiya faktiki olaraq dünya sivilizasiyasından çıxarılıb. Əslində, SSRİ indi bərpa olunub. SSRİ də qapalı ölkə idi, kontaktı yox idi, amma dünyada müəyyən dərəcədə hesablaşılan bir mövqeyi var idi. Bu gün Rusiya özünü SSRİ-dən də acınacaqlı vəziyyətə salıb. Rusiya elitası bu siyasətdən yaxın zamanda uzaqlaşmasa, çox böyük faciələr yaşayacaq və başqalarına da yaşadacaqlar”.

Millət vəkili bu müharibənin ölkəmizə təsirləri barədə də danışıb:

“Bu müharibədə Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə yanaşı, Rusiya ilə də münasibətlərimizi normal səviyyədə tutmağa çalışır. Amma bütövlükdə bizə də böyük zərbə dəyəcək. Birinci növbədə, Rusiyada iqtisadi əlaqələrin azalması müəyyən ərzaq məhsullarının, tikinti materiallarının bahalaşmasına səbəb olacaq, bir sıra sahələrdə Qərblə Rusiya arasında müəyyən dərəcədə təzyiqlərin olacağını müşahidə edəcəyik. Hər kəs bizə yanında olmağı təklif edəcək. Amma Azərbaycan da öz maraqlarına uyğun davranmağa daha çox üstünlük verəcək. Ən çox da Rusiya və Ukraynadan gələcək insanların həm işsizlik, həm də müəyyən sosial gərginliklər yaşaması gözlənilir”.

Xəbərlər