Siyasət 24 Mart 2023, 19:03 | Baxış sayı: 162
"Rəsmi Parisin bütün davranışları regionda sülh deyil, müharibə vəziyyəti yaratmağa yönəlib"

Fransa rəsmilərinin Azərbaycanla ultimatum dili ilə danışmağa haqqı yoxdur. Üstəlik, artıq qeyri-legitim hesab olunacaq hökumətin təmsilçisinin Cənubi Qafqaz regionunda baş verən hadisələrə qərəzli münasibət bildirməsi, təhrif edilmiş fikirlər səsləndirməsi qəbuledilməzdir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətin kifayət qədər aydın olduğunu diqqətə çatdıran deputat deyib: "Ötən il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə buradan 4700-dən çox nəqliyyat vasitəsinin, tibbi yardıma ehtiyacı olan şəxslərin və onları müşayiət edənlərin keçidi təmin olunub. Buna görə də bu yolun guya blokadada olması barədə iddialar əsassızdır".

K.Nurullayevanın sözlərinə görə, Fransa bölgədə həqiqətən də dayanıqlı sülh istəyirsə, Ermənistanın Laçın yoluna köməkçi yoldan istifadə edərək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə qanunsuz hərbi daşımalar, şəxsi heyətin rotasiyasını həyata keçirməsi, habelə 10 minə yaxın qanunsuz silahlı birləçmələrin hələ də Azərbaycan ərazisində qalmasından narahat olmalı və bu istiqamətdə özlərinin iddia etdiyi kimi “hərəkət etməlidir”. Blokada adı altında bölgədə gərginliyi artıran bəyanatlar verməməlidir. Azərbaycanın Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində sərhəd-keçid məntəqəsinin yaradılmasının labüdlüyünü qəbul etməlidir.

Postmünaqişə reallıqlarını həzm edə bilməyən Fransanın sülh prosesindən kənarda qalması labüd idi. Rəsmi Parisin bütün davranışları regionda sülh deyil, müharibə vəziyyəti yaratmağa yönəlib. Prezident İlham Əliyevin də söylədiyi kimi, çünki 44 günlük Vətən müharibəsində onların planları alt-üst olub.

"İşğal dövründə də, müharibə zamanı da, bu gün də Fransa erməni lobbisinin təsiri altında hərəkət etməkdədir. Ona görə də qalib tərəf kimi Azərbaycan Fransanın prosesdə vasitəçi olmasına imkan verməyəcək.

Fransa xarici işlər nazirinin separatçıların vəkili qismində çıxış etməsi, sadəcə, gülüş doğurur. Bu ölkənin müstəmləkəçilik siyasətini təzahür etdirir. Bu xanım sanki Mali və ya Burkina-Fasonun haqqında ultimatum dili ilə danışır. Amma K.Kolonna unudur ki, Azərbaycan müstəqil siyasət yürüdür və Fransa başda olmaqla, heç kim rəsmi Bakı ilə diktə dilində danışa bilməz. Fransa XİN başçısının bəyanatına gəlincə, onu Azərbaycanın XİN idarə rəisi səviyyəsinin köməkçisi səviyyəsində qəbul etmək, yaxud, ümumiyyətlə, qəbul etməmək lazımdır”, - deyə Könül Nurullayeva vurğulayıb.

Xəbərlər