Siyasət 29 May 2023, 11:37 | Baxış sayı: 180
“Ərdoğanın yenidən prezident seçilməsi hər bir azərbaycanlının ürəyincədir”

"Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə prezidenti seçilməsi təbiidir və qanunauyğundur. Azərbaycan xalqı qardaş ölkənin bu seçimini alqışlayır".

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

O diqqətə çatdırıb ki, Ərdoğanın Türkiyə prezidenti olduğu bu illərdə qardaş ölkə dünyada yüksək hörmət qazanıb, beynəlxalq aləmdə güclü dövlət kimi tanınıb, söz sahibinə çevrilib:

"Azərbaycan xalqı ilə Türkiyə xalqı həmişə qardaş və dost olaraq qalacaq. Bizi çox dərin kökümüz birləşdirir. Ərdoğanın yenidən prezident seçilməsi hər bir azərbaycanlının ürəyincədir. Hesab edirəm ki, bundan sonrakı dövr Türkiyənin gələcək planlarının həyata keçirilməsi, davamlı inkişafın təmin edilməsi, dövlətin güc mərkəzinə çevrilməsi ilə yadda qalacaq. Qardaş ölkənin daha da ucalmasını, şöhrətlənməsini istəyirik. Bu isə ancaq Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə mümkündür. Türkiyə xalqı öz seçimi ilə bir daha dünyaya demokratiya nümunəsi göstərdi. Türk xalqı müdrikdir, kimi, nə zaman rəhbər seçəcəyini bilir, dövlətin inkişafına xidmət edən lideri tanıyır. Bizim öz Müstəqillik Günümüzdə baş tutan bu qələbəyə görə sevincimiz ikiqat artıb".

Qeyd edək ki, Türkiyədə keçirilən ikinci tur prezident seçkilərinin nəticələrinə əsasən, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan yenidən lider seçilib.

Xəbərlər