Siyasət 12 May 2023, 15:59 | Baxış sayı: 105
“Ərdoğanın Rusiyaya yaxın olması fikrini qəbul etmirəm”

“Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun Rusiyanın seçkilərə müdaxilə etməsi ilə bağlı iddiası əsaslı deyil. Çünki bu gün Rusiyanın seçkilərə müdaxilə və təsir imkanları yoxdur. Moskva hazırda öz daxili işləri istiqamətində addımlar atır, başı daha çox buna qarışıb. Düşünürəm belə bəyanatlar ciddi bəyanatlar deyil və arxasında seçiklərlə bağlı müəyyən məqamlar, məsələlər durur. Məlumdur ki, bu gün Qərb Rusiyaya sanksiya tətbiq etməsi, əlaqələrini kəsməsi üçün Türkiyəyə təzyiqlər göstərir. Türkiyə isə bu proseslərdə mövqeyini ortaya qoyur, iştirak etmir. Kılıçdaroğlu isə tam Qərbyönümlü siyasət həyata keçirir. Düşünürəm, o, bununla mesaj vermək istəyir ki, prezident seçilərsə, gələcəkdə siyasəti Qərbyönümlü olacaq, Qərbin tələblərini yerinə yetirəcək. Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiyaya yaxın olması fikrini də qəbul etmirəm. Bu gün Rusiya-Türkiyə münasibətləri normaldır. Amma bir sıra məsələlərdə Rusiya-Türkiyə münasibətlərində fikir ayrılığı var. Bunu Ukrayna ilə, bəzən Azərbaycanla bağlı və bəzi başqa məsələlərdə görürük. Ona görə də Ərdoğanı tam Rusiya ilə əlaqələndirməyi də yanlış hesab edirəm. Düşünürəm, Kılıçdaroğlunun bəyanatı seçkilərə hesablanmış addımdır. O, belə bəyanatlar verərkən diqqətli olmalıdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ceyhun Məmmədov deyib.

 

Deputat bildirib ki, Kılıçdaroğlunun Zəngəzurla bağlı bəyanatı da Azərbaycan tərəfindən birmənalı qarşılanmayıb: “Türkiyə siyasətçiləri tərəfindən də tənqid olundu. Bu gün Türkiyənin Azərbaycanla, Rusiya və digər qonşuları ilə münasibətləri kifayət qədər ölçülüb-biçilmiş siyasətə əsaslanır. Türkiyənin Rusiya ilə bağlı siyasəti çox düşünülmüş və Türkiyənin maraqlarını özündə ehtiva edən siyasətdir. Belə olan halda, Ərdoğanı sırf Rusiya ilə münasibətləri saxladığına görə günahlandırmaq yanlışhır. Türkiyənin öz maraqları var və Ankara bu maraqları təmin edir, qoruyur. Bu, digər dövlətlər tərəfindən normal, anlayışla qarşılanmalıdır. Çox önəmli məqamdır, belə məsələlərdə bütün Türkiyə siyasətçiləri diqqətli olmalıdırlar”.

Xəbərlər