"Ərdoğanın 5 uşaqla bağlı fikrini yalnız dolanışıq, imkansızlıq kontekstindən qiymətləndirmək olmaz"
"Azərbaycanda hər ailədə beş uşaq olması mümkündür. Bu, demoqrafik potensialımızın dəyişməsi üçün müsbət mənada vacibdir. Dövlət sosial imkanları düşünə bilər, amma hesab edirəm, bu məsələni ciddiyə almaq lazımdır".
Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Fazil Mustafa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan ailələrində beş uşaq olması barədə çağırışının narazılıq yaratmasına münasibət bildirərkən deyib.
Deputat vurğulayıb ki, doğrudan da, Azərbaycanda demoqrafik vəziyyət heç də yaxşı halda deyil: "Təbii ki, yaşam standartları qaldırılmalıdır. Artıq uşaqlı ailələrin təminatı güclənməlidir. Axı bu həm də səhiyyə, sağlıq problemidir. Səhiyyədə olan bir sıra nöqsanlar əslində çox ailələrin uşaq sahibi olmasına maneə olur. Buna görə də Rəcəb Tayyib Ərdoğanın çağırışını yerində hesab edirəm. Biz də dəfələrlə bildirmişik ki, ailələr nə qədər çoxuşaqlı olarsa, bu həm də bizim bilgi, əsgər, işçi potensialımızda, eyni zamanda dövlətin və ərazinin üzərində hakim olma imkanlarımızı genişləndirən bir şərtdir. Ona görə də bu məsələyə ciddi yanaşılmalıdır. Bunu yalnız dolanışıq, imkansızlıq kontekstindən qiymətləndirmək olmaz. İmkanları yaratmaq mümkündür. Bir az korrupsiyanı azaltsaq, bu imkanlar rahatlıqla yaradıla bilər. Çoxuşaqlılıq məsələsinə mütləq ciddi fikir verməliyik, azalma bizim üçün böyük problemlər yaradacaq, demoqrafiyamızda müxtəlif sıxıntıları ortaya çıxaran amillərdən biri olacaq".