Siyasət 15 May 2023, 16:20 | Baxış sayı: 188
“Rəcəb Tayyib Ərdoğanın 49%-dən artıq səs alması, qələbəyə ən yaxın məsafədə olması cəmiyyətin xarici təhlükəyə qarşı cavabıdır”

“Türkiyədəki seçkilər nümunəvi demokratiyanın göstəricisidir. Türkiyə haqqında tez-tez təkadamlıq hakimiyyət ifadələri işlənsə belə, bunun həqiqətəuyğun olmadığı bəlli oldu. Nüfuzlu liderlərin cəmiyyətdə rolu böyük olur. Bütün hallarda Türkiyədə hakimiyyət dəyişikliyinin ancaq seçki qutusundan asılı olduğunun şahidi olduq”.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Türkiyədəki seçkini bir çox ölkə üçün örnək adlandırıb.

Musavat.com-a açıqlamasında F.Mustafa əhalinin 88%-nin iştirakını vətəndaşların ölkənin taleyi ilə bağlı məsələlərə hədsiz həssas yanaşmasının sübutu kimi dəyərləndirib:

“Avropada belə bu dərəcədə həssaslıq nadir hallarda görünüb. Bu baxımdan seçkini demokratiyanın uğuru kimi dəyərləndirə bilərik. Ölkə həssas dövrdən keçir, bu isə iqtidar üçün dezavantaj idi, çünki hər kəs bütün məsuliyyəti iqtidara yönəldirdi. Türkiyə qonşu ölkələrlə də problem yaşayır. Dövlət təhlükəsizliyinin qorunması Türkiyə cəmiyyəti üçün olduqca həssas məsələdir. Döngədə atları dəyişdirməmək prinsipi prioritet qəbul olundu. Sosial-iqtisadi şərtlər də kifayət qədər ağırlaşmışdı. Hər kəs düşünürdü ki, uyğunsuz vəziyyətdə müxalifətin daha böyük fərqlə önə çıxması nəzərdə tutula bilər, amma seçkinin indiki nəticəsi başqa mənzərə yaratdı. Türkiyə cəmiyyəti ilk növbədə dövlətin təhlükəsizliyinə, regional güc olaraq böyüməsinə səs verdi”.

Fazil Mustafa qeyd edib ki, 20 ildən artıq müddətdə prezident olmuş şəxsin yenidən öndə olması möcüzəvi nəticə kimi dəyərləndirilə bilər, çünki bu qədər ittihamın altında, təzyiqlərə dözmüş, başqa siyasi islahatlar kimi məsələlərdən çıxmış iqtidarın bu qədər dəstəklənməsi çox nadir hallarda baş verir: “Rəcəb Tayyib Ərdoğanın 49%-dən artıq səs alması, qələbəyə ən yaxın məsafədə olması cəmiyyətin xarici təhlükəyə qarşı cavabıdır. Parlamentdə Cümhur İttifaqı üstünlük əldə edib. Odur ki, Ərdoğanın qalib gəlməsi qaçılmazdır. Prezidentin parlamentin dəstəyi olmadan fəaliyyəti yarımçıq fəaliyyət kimi qiymətləndirilə bilər. Seçkidə müxalifətin bütün qüvvələri Ərdoğana qarşı birləşmişdi. Nəticədə isə bir çox namizədin tərəfdarları Kılıçdaroğluya ona görə səs verdilər ki, parlamentdə öz namizədlərinə səs verirdilər. Bu məsələ həll olunduğuna görə prinsipial maraq qalmayıb. Müəyyən dairələrin parlamentdə məğlubiyyəti ruhdan düşməyə gətirib çıxaran vəziyyət yaradacaq. Buna görə də deyə bilərik ki, seçkinin taleyi bu mərhələdə həll olunub. İkinci turda iqtidar daha çox səs əldə edəcək. Türkiyədə xarici qüvvələr hakimiyyət dəyişikliyinə nail ola bilmədilər. Türkiyə bu mərhələni uğurla keçə bildi”

Xəbərlər