"Qızılcaya yoluxanların əksəriyyəti uşaq vaxtı peyvənd olunmayanlardır"
Qızılcaya yoluxanların əksəriyyəti uşaq vaxtı peyvənd olunmayanlardır.
Bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
"Nəinki indi, eləcə də COVID-19 dövründə də vaksinasiyaya qarşı müəyyən inamsızlıq var idi. Peyvəndlərin insan sağlamlığı üçün təhlükəli olduğunu, yaxud gendə müəyyən dəyişikliklər üçün planlaşdırıldığını iddia edirdilər. Təəssüflər olsun ki, hətta həkimlər arasında belə düşüncədə olanlar var. Milli Məclisdə “Yoluxucu xəstəliklərlə mübarizə: qızılca infeksiyası ilə bağlı ölkədəki mövcud vəziyyət, peyvəndləmə və görülən tədbirlər”ə dair dinləmənin keçirilməsinin əsas məqsədlərindən biri də insanları inandırmaqdır", - Komitə sədri qeyd edib.
Ə.Əmiraslanov vətəndaşlara vaksinasiya ilə bağlı çağırış da edib: "Onlar bilməlidirlər ki, yoluxucu xəstəliklərlə mübarizə aparmağın yolu mütləq peyvəndləmədən keçir. Bütün dünya peyvəndlərdən istifadə edir, onlarda vaksinasiyanın fəsadlar törətdiyi fikri yoxdur. Ancaq Azərbaycanda peyvəndlə bağlı yanlış fikirlər formalaşıb. Təsəvvür edin, bu gün qızılcaya yoluxanların nəinki əksəriyyəti, hətta deyərdim ki, 100 %-i məhz uşaq vaxtı vaksinasiyadan kənarda qalanlardır"
report.az