“Qurultayların, məclislərin keçirilməsi üçün dövlətin AXCP üçün yer ayırması normaldır”
“Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sessiyasının Sabunçu rayonu Gənclər Evində keçirilməsi normal haldır. Demokratik ölkədə yaşayırıq. Hazırda “Siyasi partiyalar haqqında” yeni qanun işləyir. Mövcud qanunun müddəalarında siyasi partiyalara dövlət dəstəyi, onların inkişaf etməsi, siyasi proseslərdə fəal iştirakı üçün dövlətin üzərinə düşən vəzifələr yerinə yetirilir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, partiyalar müstəqildirlər, nizamnamələri, əsasnamələri, siyasi platformaları var: “AXCP müxalifətdə olan partiyadır. Mən Yeni Azərbaycan Patiyasının üzvü, rəhbərliyində təmsil olunan bir insan kimi siyasi partiya sədrlərinin, yaxud digər üzvlərinin müəyyən bəyanatlarına, fikirlərinə öz kəskin reaksiyamı bildirirəm. Amma qanuni hallar da var. Müxalif siyasi partiyaların qurultaylarının, məclislərinin keçirilməsi üçün dövlətin yer ayırması normaldır. Bu dəfə Sabunçu rayonundakı Gənclər Evi ayrılıb. Çox səviyyəli yerdir, tədbirlərdə olmuşam. Orada AXCP-nin sessiya keçirməsində qeyri-adi heç nə yoxdur. Düşünürəm ki, bundan başqa söhbətlər çıxarmağa, məsələni başqa yerlərə aparmağa, xoşagəlməz fikirlər söyləməyə qətiyyən ehtiyac yoxdur”.