Siyasət 30 Oktyabr 2023, 17:15 | Baxış sayı: 97
"Qərbin Yaxın Şərqdə münaqişəni qızışdırması Üçüncü Dünya Müharibəsi təhlükəsini daha real edir"

Son illər dünyada insan hüquq və azadlıqlarına hörmət edilmədiyi göz önündədir.

Bunu açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Deputat deyib ki, artıq beynəlxalq aləmdə insanların yaşamaq haqqı heç bir qurumu maraqlandırmır, terrorizm, müharibələr tüğyan edir: “Lakin dünya siyasətində böyük çəkisi olan ABŞ və digər Avropa ölkələri münaqişələrin həlli istiqamətində heç bir addım atmır. Əksinə, münaqişə ocaqlarının daha da alovlanmasına şərait yaradır. Bu həm Yaxın Şərqdə İsrail-Qəzza münaqişəsində, həm də Ukrayna-Rusiya münaqişəsində özünü göstərir. Tərəflərdən birini dəstəkləmək və ya onu silahlandırmaq heç də həll yolu deyil, problemin daha da dərinləşməsinə gətirib çıxardır”.

Müşfiq Cəfərov qeyd edib ki, dünyada 100-dən artıq aktiv münaqişə var: “Müasir zamanın ən mürəkkəb beynəlxalq problemlərindən biri Fələstin-İsrail münaqişəsidir. Bu münaqişəylə bağlı fikir ayrılıqlarını həll etməyi düşünməyən dünya güclərinin mövcudluğu da münaqişənin ömrünü uzadır. ABŞ bölgəyə əlavə döyüş təyyarələri və gəmiləri göndərir, münaqişəni nizamlamaq əvəzinə daha da qızışdırır. Fransa da tərəfləri sülhə çağırmaq əvəzinə HƏMAS-a qarşı koalisiya ideyası irəli sürür. Makron klassik səlibçi konsepsiyasından çıxış edir, problemə səlibçi təfəkkürü ilə yanaşır. Üçüncü Dünya Müharibəsi təhlükəsi günü gündən aktuallaşır və Qərbin münaqişəni qızışdırması bu təhlükəni daha da real edir. Buna görə də beynəlxalq aləmin vasitəçiliyi olduqca vacibdir, çünki İsrail-Fələstin münaqişəsi təkcə ərazi məsələsi deyil, bu iki dövlət bir-birini qəbul belə etmək istəmir. Beynəlxalq aləm gözlənilən vasitəçiliyi etməsə, bu gedişlə Üçüncü Dünya Müharibəsinin astanasındayıq”.APA

Xəbərlər