Siyasət 20 Oktyabr 2023, 12:49 | Baxış sayı: 161
"Qərb səlibçilik xislətindən əl çəkməyib"

Qərb səlibçilik xislətindən əl çəkməyib.

Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Vüqar İskəndərov qeyd edib ki, təəssüflər olsun ki, Qərb deyəndə bu gün insanların ağlına ilk olaraq qırğınlar, faciələr, işğalçılıq gəlir: "Bir zamanlar səlib yürüşləri ilə dünyanı qan gölünə çevirən Qərb müasir dövrümüzdə də kənardan təsir etməklə müharibələri körükləyir. ABŞ Prezidenti Co Bayden İsraildə olan zaman Qəzzada müsəlmanların qırğını baş verdi. Amma nə ABŞ, nə də Avropa İttifaqı buna etiraz etmədi. Ümumiyyətlə, ABŞ və Avropa İttifaqı sanki öz məsuliyyətlərini dərk etmirlər və ya özlərini belə göstərirlər. Onlar bəşəriyyəti sivilizasiyaların yeni toqquşmasına aparırlar. Avropa İttifaqının bu siyasətinin arxasında Fransa durur. Almaniya isə Fransanın əlində marionet dövlət hesab oluna bilər”.

Vüqar İskəndərov proseslərin Qərbin səlibçilik xislətindən əl çəkməməsindən qaynaqlandığını deyib: “Səlib yürüşlərində təsadüfən bəhs etmədim. Məsələ burasındadır ki, Qərbin ənənəvi səlibçilik təfəkkürü müsəlmanların Yaxın Şərqdə qırğınına şərait yaradır. ABŞ hərbi donanmasının guya təhlükəsizliyi təmin etdiyi ərazidə qırğın törədilir. Bundan sonra biz Qərbə necə inanaq? Avropa İttifaqının belə riyakar siyasətindən sonra Azərbaycan bu təsisata, ABŞ və Avropa İttifaqının təqdim etdiyi sülh platformalarına necə inansın? Vaxtilə onlar tərəfindən eyni şəkildə Ermənistana da dəstək verilmişdi və Azərbaycan xalqına qarşı Ermənistan tərəfindən soyqırım törədilmişdi. Təsadüfi deyil ki, bu dəfə də Qərb Ermənistanın arxasında durur. Qərb dünyası indi planları pozulduğu üçün Azərbaycana qarşı bütün alətlərdən istifadə edirlər. Lakin onların bu cəhdləri iflasa məhkumdur”.

APA

Xəbərlər