Cəmiyyət 27 Oktyabr 2022, 15:56 | Baxış sayı: 210
"Qiymət artımının obyektiv tərəfləri var"

“İstənilən sferada məhsulların, xidmətlərin qiyməti artanda hamıda narazılıq yaranır. Amma artımın obyektiv tərəfləri də var. Ümumi inflyasiya prosesləri gedir. İnflyasiya artıq ortalama 12%-i də keçdi. Hətta bəzi ekspertlər deyirlər ki, 9 ayı götürəndə Azərbaycanda inflyasiya 15%-ə yaxınlaşır. Bu, istər-istəməz hər şeyə - bütün iqtisadi bloklara, sferalara təsirini göstərir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən soruşsaq ki, siz niyə rabitə tariflərinin artırılması ilə bağlı Tarif Şurasına müraciət etmisiniz? Bu sualın yaxşı bir cavab var. Həmin qurumda işləyən insanların maaşları artmalıdır. Maaşın artmasının isə iki mənbəyi var. Birincisi, büdcə, ikincisi, tariflərin artması”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

 

Deputat bildirib ki, inflyasiya elə bir bəladır, uzaqlaşmaq, qaçmaq mümkün deyil:

 

“Biz də dünya iqtisadiyyatının bir parçasıyıq. Məsələn, “Euronews”dan xüsusi reportaja baxdım. İspaniyada qida məhsullarının qiyməti 42% qalxıb, Rumıniyada ümumi inflyasiya 16%-i keçdi, Almaniya, Fransa, İtaliya və ABŞ-da artıq inflyasiya reallıqda 12-13%-dir. Bu gün yüz milyardlarla avro, dollar vəsaitlər biznes, yaxud hökumət strukturlarının tikintiləri ilə əlaqədar ayrılırsa, deməli, bu, artıq zəmin yaradır ki, gələn il inflyasiyanın tempi artacaq. Bazar iqtisadiyyatının qanunu var. Pulu emissiya edəndə onun arxasında əmtəə, qızıl durmalıdır və xidmət olmalıdır. Real iqtisadiyyatdan söhbət gedir. Bu gün dünya iqtisadiyyatının 25%-i real, 75%-i maliyyədən ibarət olan iqtisadiyyatdır. Maliyyə sektoru qədərindən artıq şişirdilib. Maliyyə məsələləri daha önəmlidir, nəinki real iqtisadiyyat. Dünya iqtisadiyyatı yeni formata keçirilməsə, inflyasiya gələn il daha da baş ağrıdacaq”.

 

R.Quliyev ictimai nəqliyyatda gedişhaqlarının artırılacağı barədə iddialara isə belə cavab verib:

 

“Dövlət ictimai nəqliyyat üçün 270-280 milyon manat vəsait ayırmışdı. Sonradan sensassion xəbər gəldi ki, həmin pullar nəqliyyat şirkətlərinə çatmayıb. Məlumatım var ki, bununla əlaqədar proseslər gedir, yoxlamalar başlayıb, səbəbləri açılacaq. Hansı məmurlar oyunlar oynayıblarsa, onlar da cəzalarını çəkəcəklər. Nəqliyyat problemini kökündən həll etmək üçün bu gün artıq imkan var. Çünki bir əldədir – Bakı Şəhər İcra Hakimiyyətində. Bakı Nəqliyyat Agentliyi də BŞİH-nin departamentlərindən biridir. Düşünürəm, ictimai nəqliyyat məsələsi ilə bağlı ciddi formada islahatlar aparılmalıdır. Bu işlər proqram şəklində qurumlalıdır”.

Xəbərlər