Cəmiyyət 5 Yanvar 2022, 16:02 | Baxış sayı: 118
"Qiymət artımı probleminin həlli üçün bolluq yaratmaq lazımdır".

“Bazar iqtisadiyyatının işsizlik və inflasiya olmaqla iki əsas problemi var. İnflasiya ilə mübarizə apardıqda, işsizlik baş qaldırır və yaxud da əksi baş verir. Bu, bazar iqtisadiyyatının mexanizmidir. Qiymət artımı probleminin həlli üçün bolluq yaratmaq lazımdır. Bununla mübarizə üçün dövlət kifayət qədər tədbirlər həyata keçirir, əlindən gələni edir. Şükürlər olsun ki, torpağımız münbit və kifayət qədərdir. Müəyyən mənada su problemi yaşansa da, həll olunur. Yəni, kənd təsərrüfatı üçün şərait normaldır”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Deputat bildirib ki, mövcud problemlərlə mübarizə üçün işləmək lazımdır: “Qollarımızı çırmalayıb iş görməli və çalışmalıyıq ki, dövlətin yaratdığı şəraitdən düzgün faydalana bilək. Belə olan halda, bolluq yaranar. Bolluq olan kimi qiymətlər də aşağı düşəcək. Qaldı ki, xüsusilə taxılın qiymətinin qalxmasına, hesab edirəm ki, təsiredici səbəblər eynidir. Nəzərə almaq lazımdır ki, Rusiya və digər taxıl satan dövlətlər ixrac qiymətlərini artırıblar. Həmin ölkələr, əsasən, yəni pandemiya təhlükəsini nəzərə alaraq özlərini sığortalayırlar”.

R.Quliyevin sözlərinə görə, bahalaşmanın kökündə dünyada gedən qlobal proseslər durur: “Proses həm aparıcı, həm də Avropa ölkələri, Amerika, Asiya, ümumiyyətlə bütün ölkələrdə gedir. Bunu yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqələndirmək olar, çünki pandemiyanın fəsadları hələ də davam edir. İki ildir ki, dünya pandemiya ilə üz-üzədir. Ümumiyyətlə əmtəə və xidmətlə təmin olunmayan pullar inflasiyaya səbəb olur. Hazırda ABŞ-da son 50-60 ildə müşahidə edilməyən inflasiya qeydə alınıb. Bənzər problemlər, həmçinin Avropada, o cümlədən Fransa, İtaliya, İngiltərə və Almaniyada yaşanır. Pandemiya nəticəsində iqtisadiyyata ciddi ziyan dəyib və bu, hələ də davam edir. İqtisadiyyatın bir sıra sahələri hələ də özünə gəlməyib. Dünyada gedən bir sıra proseslər kimi logistika da pandemiya ilə əlaqədardır. Odur ki, 60 faizə qədər logistik kanallar iflic oldu. Ona görə də müəyyən tənzimləmə işi üçün vaxt lazımdır. FAO-nun məlumatına əsasən, qida məhsullarının qiyməti 2011-ci ildən bu günə qədər il ərzində təxminən 1.5-2 faiz artıb. Son iki ildə isə qiymətlər ortalama 25-27 faiz qalxıb. Bu, təhlükəli prosesdir. Əsas odur ki, çıxış yolu tapmaq üçün inflyasiya ilə, demək olar ki, bütün dövlətlər mübarizə aparır”.

Xəbərlər