""Qazilərin problemlərinə vəsait ayrılmır, lakin idman yarışları keçirilir" deyənlər də var".
“Yarışlar ərəfəsində internet resurslarında “Formula 1” keçirilən ölkə ilə bağlı axtarışların sayı milyonları keçir. Həmçinin bu yarışların respublikamızda keçirilməsi həm də dünyanın Qarabağ münaqişəsi haqqında həqiqətləri daha dərindən başa düşməsinə imkan verdi. “Formula 1”ə artıq Bakının deyil, Qarabağın ev sahibliyi etməsi vacibdir. Düşünürəm ki, Ağdam bu baxımdan çox əlverişli olardı. Hazırda Qarabağda ciddi infrastruktur qurulur. Sözün əsl mənasında, paytaxtdan geri qalmayacaq dərəcədə inkişaf üçün şərait yaradılır. Fikrimcə, yarışların Ağdamda keçirilməsi Qarabağın tanınması, bura investisiyaların cəlbi, turizmin inkişafı üçün doğru addım olar. Həm də belə olan halda Bakının yükü azalacaq”.
Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Deputat hesab edir ki, beynəlxalq idman yarışlarına sərf olunan vəsait hədər getmir, bu siyasi xətt dövlətin dünya ölkələri arasındakı nüfuzuna birbaşa xidmət edir: “Əfsuslar olsun, məsələni bilərəkdən bu səpkidə şərh edirlər ki, qazilərin problemlərinə vəsait ayrılmır, lakin idman yarışlarına ayrılır. Doğrudur, müharibə bitdi və artıq Qarabağda quruculuq işləri geniş vüsət alıb. Ancaq hələ də qazilərin əlilik meyarlarının təyin olunmasında problemlər var. Tez-tez vətəndaş qəbulu keçirirəm və bu problemlərlə qarşılaşıram. Bu məsələdə birbaşa hansısa qurumu da günahlanıdıra bilmirik, çünki qurumlararası əlaqə olduqca zəifdir. Təcrübəmə əsaslanıb deyirəm ki, bir qurum digərinin rəyini tanımır, başqa rəy verir. Sonda nəticə gedib nazirliyə çatır. Nazirlik də verilən rəylərə əsasən ya əlillik qrupu təyin edir, ya da imtina edir. Bu məsələdə bütün səlahiyyətli qurumları daha da məsulliyyətli və həssas olmağa çağırıram. Mümkün qədər məsələnin həllinə fokslanmalıyıq. Mütəmadi olaraq qazilərimizlə profilaktik söhbətlər aparılmalı, onlar dinlənilməlidir ki, başqa mənzərələrlə qarşılaşmayaq”.
M.Cəfərov əlavə edib ki, “Formula 1” ümumilikdə 22 ölkədə keçirilir və bu yarışı təşkil etmək hər bir ölkə üçün böyük uğurdur: “Bu, olduqca populyar bir idman yarışıdır və paytaxtımızda təşkil olunması Azərbaycan üçün çox əhəmiyyətlidir. “Formula 1”in Azərbaycanda keçirilməsi ölkəmizin gündən-günə artan beynəlxalq nüfuzunun, dövlətimizə olan böyük etimadın göstəricisidir. Bunu ölkəmizi, onun mədəniyyətini, tarixi dünyaya tanıtmaq üçün əlverişli fürsət kimi qiymətləndirməliyik. Bu tip idman yarışları iqtisadiyyatımıza da xeyir verir. Çünki “Formula 1”ə baxmaq üçün ölkəmizə xaricdən çox sayda qonaq gəlir. Turizmin inkişafına da mühüm töhvə verir. Artıq ölkəmiz dünyada beynəlxalq idman yarışlarının keçirildiyi uğurlu məkan kimi tanınır. Bu yarışlar Azərbaycanı dünya mediasının diqqət mərkəzində saxlayır. Aparıcı idman kanallarında, informasiya portallarında Bakıda keçiriləcək beynəlxalq idman yarışları haqqında bir sıra reportajlar və məqalələr yayımlanır”.