"Qazi intihar edirsə, deməli, idarəetmədə fəlakətli səviyyədə problem var".
“İcra hakimiyyətlərindən şikayət, təbii ki, çox ola bilər. Çünki icra hakimiyyətləri məsələyə fərd olaraq yanaşırlar. Elə rayonların icra başçıları var ki, bütün günü şəhid ailəsinin yanındadır. Məsələn, Suraxanı, Salyan, Şirvanın icra başçıları. Hər gün qazilərin, şəhid ailələrinin yanındadırlar, onların problemlərinin həllinə köməklik edirlər. Amma elə rayonlar var ki, icra başçıları nəinki qazilərə, bütövlükdə insanlara laqeyddirlər. Onların insana baxışlarında problem var. Gediblər ya dincəlməyə, ya da baş qatmağa... Ona görə də bu məsələlərdə çətinlik yaranır. Digər tərəfdən, burda əsas problem sırf icra başçısı ilə də bağlı deyil. İcra başçısının əlində heç bir səlahiyyət qalmayıb. Sadəcə, formal olaraq hansısa rayonun idarəçisi kimi çıxış edir. Nə təsərrüfata qarışa bilir, nə məktəbə, nə xəstəxanaya... Heç birinə hər hansı şəkildə ciddi səviyyədə müdaxilə imkanı yoxdur. Bu məsələdə hədsiz mərkəzləşmənin problemi var...”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Deputat bildirib ki, ölkədə qeyri-hökumət sektoru tamamilə sıradan çıxarılıb, vəsaiti yetərincə deyil: “Qrant almaq və başqa məsələlərin hamısının yolu bağlanıb, vətəndaşa vətəndaş cəmiyyəti olaraq xidmət etmək imkanına sahib deyil. İdarəetmə də hədsiz mərkəzləşib. Hamısı yuxarıdan bir əllə idarə edildiyinə görə icra hakimiyyətinin xüsusi bir fondu yoxdur ki, bunu etsin. Harda ki icra başçısı mütləq öz cibindən, yaxud da hansısa mənbə hesabına məsələni bir təhər yola verir, həll edirsə, ordan səs çıxmır, sakitlik olur. Qalanlarında icra başçısının xüsusi bir fondu yoxdur deyə problemi həll etmək çətindir. Hesab edirəm, bu məsələdə məsuliyyət birbaşa icra başçılarının deyil, mərkəzləşmiş idarəetmənin üzərinə qoyulmalıdır. Təbii ki, idarəetməyə xeyli təcrübəsiz şəxs gəlib. İnsan və onun problemi ilə ünsiyyət qurmaq imkanları məhduddur. Bu, özü də bir reallıq olub. İnsaf naminə demək lazımdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçiləri də çox əziyyət çəkirlər. Müharibədən sonra bütün yük onların çiyinlərinə düşüb. Təkcə bir qazinin problemi deyil, şəhid ailələri də var. Amma hədsiz mərkəzləşmə imkan vermir ki, alt qatlarda, məsələn, Sabirabadın, Ucarın uzaq bir kəndində qazinin konkret problemi ilə məşğul olmaq mümkün olsun. Bu baxımdan səlahiyyət aşağıya verilməlidir. Diqqət etsək, təhsildə də, mədəniyyət sahəsində vəziyyət belədir. İndi Azərbaycanda ən bərbad gündə olan sahə mədəniyyət sahəsidir. Mədəniyyət Nazirliyinin rəhbərliyi nəinki Xalq artistini, ümumiyyətlə, bu sahənin adamlarının heç birini qəbul etmir. Yüzlərlə adam bizə müraciət edir ki, qəbula düşə bilmirik. Yəni bu narazılıqlar onsuz da təkcə qazinin narazılığı deyil. Bütün bunlar mərkəzləşmiş idarəetmənin yaratdığı fəsadlardır. Ona görə də problem davam edəcək. Allah özünü yandıraraq intihar edən qazimizə rəhmət eləsin. Üzülürəm, bu, çox ağır bir şeydir. Bir məmləkətdə qazi intihar edirsə, deməli, idarəetmədə fəlakətli səviyyədə problem var. Bunu dərhal aradan qaldırmaq lazımdır ki, bu boyda qələbəmizi urvatsızlaşdırmaq mümkün olmasın...”