“Qayınata-qayınana münasibətlərinə əhəmiyyət verilməməsi faciələrə səbəb olur”
"Qadınlara qarşı zorakılıq son illər əksər ölkələrdə artıb. Sözsüz ki, bu dünyada baş verən hadisələrlə, müharibələrlə, münaqişələrlə, hərbi vəziyyətlə sosial problemlərlə əlaqəlidirsə, digər tərəfdən insaların bir-birilərini başa düşməmələri, bir-birlərini düzgün anlamaması ilə bağlıdır. Əlbəttə ki, bu, təəssüf doğuran bir haldır. Belə hallar Azərbaycan cəmiyyətində də tez-tez baş verir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Tahir Rzayev deyib. Deputat bildirir ki, son illərdə Azərbaycanda boşanmaların sayının artması ciddi təəssüf doğurur:
"Əlbəttə ki, belə hallar olmamalıdır. Lakin müəyyən qaydada ər-arvadın münasibətlərin düz gəlməməsi, adi söhbət nəticəsində qadınlara qarşı zorakılığın edilməsi, hətta onların öldürülməsi halları cəmiyyəti ciddi düşündürməlidir. Qeyri-hökumət təşkilatlarımız nəinki respublika əhəmiyyətli konfranslar, yığıncaqlar, müşavirələrdə, eləcə də beynəlxalq səviyyədə xarici ölkələrdə olurlar və bu sahədə mövcud vəziyyətə öz qiymətlərini verirlər. Bu yaxınlarda İranda da belə bir tədbir keçirildi. Hörmətli Bahar Muradova həmin tədbirdə iştirak etdi, müəyyən fikirlərini söylədi. Yəni, Azərbaycanda mütəmadi olaraq bu tədbirlər davam etdirilir. Nə qədər belə tədbirlər keçirilsə belə, qadın-kişi münasibətlərində olan müəyyən problemlərin aradan qaldırılması üçün məlumatlandırmağa ehtiyac var".
"Bu problemlrin baş verməsinin başlıca səbəblərindən biri də gənclərimizin nigaha hazır olmamasıdır. Bəzi gənclərin azyaşlı halında ailə qurması, ailə dəyərlərinin düzgün qiymətləndirməməsi, ailədə kişi-qadın, qayınata-qayınana, qohum-əqrəba münasibətlərinə lazımi əhəmiyyət verilməməsi, belə problemləri ortaya çıxarır və faciələrə səbəb olur. Ona görə də, hər bir ailə başçısı övladının taleyi barədə erkən fikirləşməlidir, lap uşaq yaşlarında bu barədə fikirləşməlidir. Onların təlim-tərbiyəsi, böyüyə-kiçiyə münasibət, onların ailə məsələlərinə münasibəti erkən yaşlardan tərbiyə olunmalıdır. Lakin çox təəssüflər olsun ki, bizdə bu istiqamətdə görülən işlər kifayətləndirici deyil".
Millət vəkili diqqətə çatdırıb ki, ölkəmizdə qız uşağının 15-16 yaşında ərə verilməsi, oğlanların isə 18-19 yaşlarında evləndirilməsi halları mövcuddur:
"Sözsüz ki, bu insanlar ailə nədir, cəmiyyət nədir, ailənin necə dolandırmaq, ailədiki problemləri hansı yollarla qaldırmağı bilmirlər. Ona görə də, ailədə belə problemlər yaranır. Nəinki valideynlər, məktəb, cəmiyyət, bizim hər birimiz Azərbaycan ailəsinin saflığını qorumalıyıq. Qızlarımızı, gənc oğlanlarımızı ailə həyatının düzgün qurulması, ailə problemlərinin aradan qaldırılması üçün hazırlamalıyıq. Belə olan halda, ailələrimiz möhkəm olar. Ailələrin möhkəm olması, ailənin davamlı qurulması və milli-mənəvi dəyərlər üzərində inkişaf etdirilməsi cəmiyyət üçün çox faydalıdır. Çünki dövlətin təməli ailədir. Əgər ailələrimiz möhkəm olarsa, dövlətimiz də möhkəm olar. Ona görə də, qadınlarımızın və gənc oğlanlarımızın taleyi məsələsi hər birimizi ciddi düşündürməlidir və bu sahədə olan nöqsanların aradan qaldırılması üçün lazım olan bütün tədbirlər həyata keçirilməlidir".