“Qarşıya qoyulmuş əsas hədəf Naxçıvanda yaşayan əhalinin ən yüksək səviyyədə təmin edilməsidir”
“Cənab Prezident İlham Əliyev islahatları davam etdirir. Bu proses Naxçıvanda da öz axarı ilə gedir. Naxçıvan Ali Məclisinin sədrinin istefasından sonra Prezidentin səlahiyyətli nümayəndəliyi təsis edildi, təyinatlar oldu. Prezindetin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli artıq Naxçıvan ictimaiyyətinə təqdim edilib. Nümayəndəliyin səlahiyyətləri, funksiyasının nədən ibarət olacağı, hansı funksiyalara bölünəcəyi bundan sonra məlum olacaq. Naxçıvanda Nazirlər Kabineti, eyni zamanda Ali Məclis var və bunlar öz işlərində müəyyən yeniliklər etməlidirlər…”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Deputat bildirib ki, Naxçıvanda korrupsiya ilə bağlı başlanmış istintaq, eyni zamanda əməliyyat tədbirləri davam etdirilir: “Korrupsiya faktlarının ortaya qoyulması ilə bağlı müvafiq addımlar atılmaqdadır. Naxçıvan starteji əhəmiyyətli bölgəmizdir. Hərbi, siyasi, iqtisadi cəhətən islahatlar, təbii ki, Azərbaycan vətəndaşının, eyni zamanda Naxçıvanda yaşayan insanların rifahının yüksək səviyyədə olması ilə nəticələnməlidir. Bir sözlə, qarşıya qoyulmuş əsas hədəf məhz Naxçıvanda yaşayan əhalinin ən yüksək səviyyədə hərtərəfli təmin edilməsidir”.