Siyasət 14 Sentyabr 2023, 23:03 | Baxış sayı: 202
"Qarabağın sülhməramlıların nəzarətində olan hissəsi “boz zona”dır, xunta təhlükə yaradır"

Təəssüf ki, Ermənistan yenə də öz bədnam əməllərindən əl çəkmir. Hər vəclə Azərbaycanı yeni bir müharibəyə çəkməyə çalışır.

Bunu  açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

 

Deputat deyib ki, ötən gün tanınmamış “Dağlıq Qarabağ Respublikasında” növbəti seçki şousu bir daha sübut etdi ki, nə erməni cəmiyyəti, nə də hakimiyyəti sülh haqqında düşünmək istəmir: “2015-ci ildə eyni səhnəni Ermənistan hakimiyyəti Qarabağda təşkil etsə də, sonu 2016-cı il müharibəsiylə nəticələndi. Bu gün Ermənistan hakimiyyəti bütün erməni xalqına edəcəyi ən böyük xəyanəti edir, xalqını daha böyük bəlalara sürükləyir. 2015-ci il seçkilərindəki kimi indi də heç bir beynəlxalq qurum və təşkilat, hətta Ermənistanın havadarları belə bu seçkini rəsmi şəkildə tanıdığını elan etməyib. Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində "seçkilərin" keçirilməsi Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən BMT Nizamnaməsinin, ATƏM-in 1975-ci il Helsinki Yekun Aktının və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq şəkildə pozulmasıdır və bu baxımdan heç bir hüquqi qüvvəyə malik deyil”.

Müşfiq Cəfərov qeyd edib ki, birmənalı olaraq Ermənistanın Azərbaycanla sərhədinə əlavə güc yığması və Qarabağdakı qondarma seçkilər bölgədəki sülh üçün təhlükə yaradır: “Ermənistan növbəti dəfə təxribata hazırlaşır, lakin bu, heç kimin xeyrinə olmayacaq. Ermənistan və tərəfdaşlarının sülh və qanuna əsaslanan mövqe tutması vacibdir”.

Müşfiq Cəfərov Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına çalışdığını bildirib: “Azərbaycan danışıqlar və reinteqrasiya təklif etdi, dəvətlər oldu, təşəbbüslər oldu, xunta razılaşmadı. Azərbaycan bütün kommunikasiyaların açılmasını təklif etdi, Xankəndiyə əlavə yollar, istənilən yük daşımalarını təklif etdi, yenə Qarabağdakı xunta razılaşmadı. “Blokada və “soyqırım”dan danışsalar da nə yolun işləməsinə imkan verirlər, nə Azərbaycanın göndərdiyi yükləri istəyirlər. Hazırda bu ərazidə təhlükəli hərəkətlilik var. Qanunsuz hərbi birləşmələr tərəfindən minalanma, səngər qazıntıları, mühəndis işləri aparılır. Bir daha təsdiqlənir ki xunta təhlükə yaradır”.

Deputat Qarabağın sülhməramlıların nəzarətində olan hissəsinin faktiki “boz zona” olduğunu söyləyib: “Şimali İrlandiya vaxtilə belə zona idi. Silahlı dəstələr, qanunsuz birləşmələr, mərkəzi hakimiyyətin nəzarətindən kənar proseslər cərəyan edirdi. Rəsmi Londonun bu problemi necə həll etdiyi məlumdur”.

APA

Xəbərlər