Plenar iclaslar, Qanun Layihələri 15 Fevral 2022, 17:57 | Baxış sayı: 182
"Qapalı qurumlarla bağlı dəqiqləşdirilməmiş məlumatlar yayılmamalıdır".

“İddialar var idi ki, Azərbaycan aldığı silahları 3-cü ölkələrə ötürür. Lakin 44 günlük savaş Azərbaycanın aldığı silahların miqdarını və harada istifadə etdiyini göstərdi”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.

S. Novruzov bildirib ki, qapalı qurumlarla bağlı dəqiqləşdirilməmiş məlumatlar yayılmamalıdır.

Deputat Qüdrət Həsənquliyev bildirib ki, Silahlı Qüvvələrin maddi-texniki təminatının daha yüksək səviyyədə təchiz edilməsi istənilir: “Silahlı Qüvvələrə parlament nəzarəti olmalıdır. Silahlı Qüvvələr üzərində parlament nəzarəti təmin olunmalıdır. Bizdə hərbi qulluqçuların hüquqları barədə normalar yoxdur. Bu necə ola bilər? Konstitusion müddəaları heç olmasa bu qanuna daxil etməliyik. Çox təəssüf ki, bu gün Respublika Prokurorluğunda aparılan iş də onu göstərir ki, hərbçilərə Konstitusiya zidd tapşırıqlar, əmr və göstərişlər verilib, ayrı-ayrı şəxslər orta əsrlərə aid işgəncələrə məruz qalıb. Qanunun həcmi genişləndirilməli, qanunda hərbi qulluqçuların hüquqları da əksini tapmalıdır”.

Parlamentin komitə sədri Ziyafət Əsgərov isə bildirib ki, hərbi qulluqçuların statusu qanunda əksini tapıb: “Burada hansısa fakt varsa, deyin. Biz deputatıq. Hansısa internet televiziyalarından eşitdiyinizi gəlib burada demək düz deyil. Bu ordudur. Burada bizim ordu ilə bağlı dediklərimizi düşmən də eşidir. Burada səsləndirdiyimiz fikirlərin arqumenti olmalıdır, faktı olmalıdır”.

Sədr Sahibə Qafarova isə qeyd edib ki, fakt varsa, rəsmi təqdim olunsun: “Kiminsə “botinkası” cırılıb və ya ayrı məsələləri ümumiləşdirib burada demək düzgün deyil”.

Xəbərlər