"Qanunun iki maddəsində çox təzadlı fikirlər var"
“Qanunun iki maddəsində çox təzadlı fikirlər var”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Rəşad Mahmudov deyib.
Deputat bildirib ki, dərman vasitəsinin öz əmtəə nişanı ilə adı yazılmır, təsiredici maddənin adı yazılır: “Bu ola bilər. Amma təsiredici maddəsi olmayan dərman yoxdur. Bu gələcəkdə bizə problem yarada bilər. İkincisi, istehsalçının maraqları qorunması məsələsi var. İstehsalçıların nümayəndələrinin ölkəmizdə daha aktiv şəkildə fəaliyyətinə şərait yaratmalıyıq. Amma ticarət adına qadağa qoyuruq. Nə üçün Türkiyədə, Avropa ölkələrində belə maddə yoxdur?! Bizim həkimlərin səhvləri varsa da, o düzəldilməlidir. Həkimlərə dəyər verməlidir. Nə üçün dünyada tibb işçilərinin inkişafı üçün işlər görənlərə əmtəə nişanın istifadəsinə qadağa qoyuruq?! Beynəlxalq səviyyədə qəbul olunmuş, ölkəyə şəffaf gələn dərmanlar var. Beynəlxalq səviyyədə qəbul edilmiş uyğun qiymətə preparatların satışına nəzarət məsələsi var. Bu qanunda nəzərdə tutulan tənzimləməni apteklər həyata keçirə bilərmi? Beynəlxalq səviyyədə buna nümunə yoxdur. Gələcəkdə geri dönüşü çətin olan problemlərə səbəb olan dəyişikliklərə gedə bilərik. Bunun izahının qanunvericilik subyekti tərəfindən verilməsini xahiş edirəm”.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə Rəşad Mahmudova cavab verib:
“Dərman vasitələrinə aid olan bütün mütəxəssislərin iştirakı ilə bu layihə hazırlanıb. Dərman vasitələrinin üzərində əmtəə nişanları deyil, yalnız formulu göstəriləcək. Mən hesab edirəm ki, dünyada elə dərman tapa bilmərik ki, onun üzərində təsiredici maddəsi göstərilməsin. Dərman vasitələrinin üzərində ilk olaraq onun təsiredicisi maddəsinin göstərilməsi çox vacibdir. Bu qanunsuzluqların da aradan qaldırılmasına kömək olacaq. Şübhəsiz ki, müddət keçdikcə dövrün tələbinə uyğun olaraq dərman vasitələrinə dəyişiklik də olacaq”.