Səhiyyə 30 Noyabr 2023, 15:15 | Baxış sayı: 216
“Dövlət büdcəsindən xeyli vəsait xərclənir, bölgələrdə isə peyvəndlər istifadə olunmur, sonda atılır”

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov özəl klinikalarda peyvəndləmənin ləğv edilməsi barədə təklifə münasibət bildirib.

 

R.Mahmudov müsahibəsində bir sıra vacib məqamlara toxunub.

 

Deputat deyib ki, peyvəndlərə qarşı münasibət ayrı-ayrı dönəmlərdə fərqli olub:  “Xüsusən, beynəlxalq səviyyədə tanınmış həkimlərin verdikləri məsuliyyətsiz mesajlar nəticəsində bir sıra hallarda dünyada peyvəndlərə qarşı əks təbliğat başlayıb. Zərərini isə həmin cəmiyyətlər illər sonra alıblar. Bunun kifayət qədər nümunələri var. Hətta İngiltərədə illər keçdikdən sonra fəsadlar üzə çıxdı və həmin tibb işçiləri məsuliyyətə cəlb edildilər, həkimlik peşəsindən uzaqlaşdırıldılar. Peyvəndləmə məsələsində özəl, yaxud dövlət xəstəxanaları müzakirəsindən öncə bütün vasitələrdən istifadə edərək - sosial media, kütləvi informasiya vasitələri, eləcə də televiziya vasitəsilə insanlara məntiqli açıqlamalı, davamlı şəkildə, nümunələr əsasında peyvəndlənmənin faydasının nə olduğu izah etmək lazımdır. Bu maariflənməni əsas da peyvəndləmə kütləvi hal aldıqda aparmalı, insanları peyvəndə birmənalı şəkildə inandıra bilməliyik. Bəli, bəzən dövlət xəstəxanalarında göstərilən tibbi xidmətə inamsızlıq, yaxud bir az güvənsizlik məsələləri gündəmə gəlir. Azərbaycan Respublikası, sadəcə, bu gün deyil, tarix boyu hər zaman ən keyfiyyətli peyvəndlər idxal edib. Azərbaycan Avropa istehsalçıları başda olmaqla, ən qabaqcıl istehsalçıların verdiyi peyvəndləri ölkəmizə gətirir. Sadəcə, biz bunu uyğun bir dillə insanlara çatdıra bilmirik. Yəqin ki, problemimiz bundadır”.

 

R.Mahmudov peyvəndləmə ilə bağlı bölgələrdəki problemlərə də diqqət çəkib: “Mən canlı şahidiyəm. Nəinki Bakıda, rayonlarda qısamüddətli statistika aparmışıq. Xüsusilə, payız aylarında qrip əleyhinə vurulan peyvəndlərin risk qrupuna daxil olan insanlarda istifadəsi bir çox problemlərin qarşısının alınmasına kömək edir. Hansı ki, bu peyvəndlər Avropada, Böyük Britaniyada, ABŞ-də çox geniş şəkildə hər il istifadə olunan peyvəndlərdir. Azərbaycan isə həmin peyvəndlərin ən dəyərlisini, keyfiyyətlisini alır. Buna baxmayaraq, xüsusən kəndlərdə peyvəndlər olduğu kimi qutularda qalır, aylar ərzində müddəti keçdikdən sonra bir dənəsi belə istifadə olunmadan atılır. Belə hallara kifayət qədər nümunə var. Bu, iki tərəfi də iti bıçaq kimi təhlükəli məsələdir. Dövlət büdcəsindən xeyli vəsait xərclənir, lakin peyvəndlər lazımsız yerə saxlanılır, istifadə olunmur. Dövlət ən keyfiyyətli, ən bahalı dərmanları, eyni zamanda vətəndaşının təhlükəsizliyini təmin etmək məqsədilə alır. Biz səhiyyəçilər olaraq peyvəndin vacibliyini lazım olan insanlara çatdıra bilmiriksə, nəticə etibarilə, peyvəndi həqiqətən istifadə edən insanlar ortada yoxdursa, bu, ondan irəli gəlir ki, peyvəndin istifadəsinin marağında deyilik. Çünki marağında olmuş olsaydıq, bəzi kəndlərdə, rayonlarda peyvənddən istifadə statistikası sıfır olmazdı. Sıfıra yaxın nəticə göstərən kifayət qədər çox bölgələrimiz var. Mən payız aylarında olan pnevmoniya və digər xəstəliklərə qarşı qrip peyvəndindən danışıram. Burada məsələ peyvəndləməni özəl xəstəxanadan alıb dövlətə vermək, yaxud dövlətdən alıb özələ verməkdə deyil. Peyvəndlə bağlı maarifləndirmənin vacibliyini vətəndaşlara çatdırmalıyıq. Bu işin sistemli şəkildə nəzarətini tutmaq lazımdır. Aidiyyəti orqanlar peyvəndləmənin vacibliyinə inanırlarsa, kriteriyalar tam bəllidirsə, o zaman seçim  valideynlərin öhdəliyinə buraxılmamlıdır. Peyvəndləmə daha çox icbari proses kimi tətbiq olunmalıdır. Çünki tarix boyunca da, bu gün də birmənalı göstərilib ki, bir ölkədə ehtiyac olan, xüsusən də, yeni doğulan uşaqlarda doğuşdan sonra xeyli təhlükəli fəsadlar yaradan xəstəliklərə qarşı peyvəndlərin istifadəsi, həqiqətən, çox faydalıdır. Peyvənd əksər təhlükələrin, eyni zamanda insanların əlil qalmalarının, ölümlərinin qarşısını alır. Peyvəndi yalnız kütləvi şəkildə istifadə etdiyimiz zaman faydasını görə bilirik”.

pravda.az

Xəbərlər