Cəmiyyət 30 Noyabr 2021, 15:37 | Baxış sayı: 269
"Qadınlar siyasi və ictimai həyatda öz müqəddəratını, qərar qəbulu səviyyəsində təmsil olunmasını  özü qazanmalıdır".

"Ötən illərə nəzər salsaq, görərik ki, qadınlar özləri də yüksək vəzifəyə sahib olmaqda maraqlı olmayıblar".

Bu barədə Modern.az-a danışan Milli Məclisin xanım deputatı Məlahət İbrabimqızı deyib ki, bütün qadınlar siyasətçi olacaq kimi bir qanun yoxdur, ancaq siyasətə qatılmaq istəyən qadın mübariz olmalıdır:

“Uzun illər ki, dövlət idarəçiliyi səviyyəsində qadınların təmsil olunması azdır. Bu vəziyyətə görə ölkəni suçlamaq, ittiham etmək düzgün deyil. Ötən illərə nəzər salsaq, görərik ki, qadınlar özləri də yüksək vəzifəyə sahib olmaqda maraqlı olmayıblar. Qadınlar öz siyasi müqəddəratını təyin etmə məsələlərində çox sürətli inkişaf edir və 20-ci ərsin sonu artıq dünyada  qadınların qərar qəbulu səviyyəsində təmsil olunmasında böyük uğurlar qazanılıb. Hər bir ölkə BMT-nin qadınların kişilərlə bərabər təmsilçiliyi ilə bağlı qəbul etdiyi qərara imza ataraq, öz ölkəsində öhdəlik götürüb. Bu öhdəlikdən irəli gələrək qadınlar üçün mühit yaradılır. Səhv etmirəmsə, Azərbaycan müstəqilliyini təzə qazananda parlaməntin 1.4 faizi qadın idi.

Müstəqilliyimizin ötən 30 ilində isə Azərbaycan qadını böyük irəliləyiş əldə edib və hazırda o 1.4% faiz artıb. Qadınlar siyasi və ictimai həyatda öz müqəddəratını, qərar qəbulu səviyyəsində təmsil olunmasını  özü qazanmalıdır. Kişilər qadınlara nisbətən daha prinsipialdırlar. Bir dəfə seçilmirlərsə, növbəti dəfə seçkilərdə namizədliklərini irəli sürürlər, ancaq qadınlar belə deyil. Qadınlar daha güclü və mübariz olmalıdırlar. Ümid edirik ki, gələcək illərdə yüksək postlarda qadınlar daha çox olacaq”.

Xəbərlər